Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən və müstəqillik dövrünün iştirakçı sayı və əhatəsinə görə ən böyük sənət layihəsi sayılan Uşaq İncəsənət Festivalının mükafatlandırma və bağlanış mərasimi rəngli görüntülərlə yaddaşlara yazıldı.

Noyabrın 13-də keçirilən mərasimdə Mədəniyyət Nazirliyi regional idarələrinin (RMİ) əhatə etdiyi rayonların sənət ustaları da fəal iştirak ediblər. Ustaların müxtəlif əl işlərinin yer aldığı stendlər, eləcə də əyani yaradıcılıq prosesi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Quba-Xaçmaz RMİ tərəfindən 4 Pirəbədil xalçası, 8 Quba xalçası, 1 ədəd xalça dəzgahı, cəhrə və yundarağı nümayiş olunub.

Abşeron-Xızı RMİ-nin təşkilatçılığı ilə usta Səbirə Qarayeva və onun köməkçisi Qara Qarayev tərəfindən papaqçılıq, milli geyimlərin hazırlanması və muncuqlarla iş üzrə əl sənəti təqdim edilib. Tədbir zamanı idarənin stendində 20 qaragül papaq, 30 araqçın, 25 qurama, 1 ədəd qurama qadın milli geyimi, 1 ədəd kişi üçün milli geyim, 8 qurama çanta, 9 qurama süfrə, 5 qurama mütəkkə, 10 ədəd uşaq üçün milli geyim, təbii daşlardan 15 boyunbağı, 55 qolbaq, 30 sırğa və s. nümunələr yer alıb.

Şirvan-Salyan RMİ tərəfindən Rauf İbrahimovun ağac üzərində oyma sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə 60-dan çox əl işi nümayiş olunub. R.İbrahimov uşaqlar üçün ustad dərsi də keçib, bu sənətin incəlikləri və hazırladığı əl işləri barədə qonaqlara ətraflı məlumat verilib.

Dağlıq Şirvan RMİ-nin dəstəyi ilə kəlağayı ustası Abbasəli Talıbov, onun köməkçisi Məlahət Talıbova, misgər Nəzər Əliyev, Şamaxı Yaradıcılıq Mərkəzinin əməkdaşları panço və qobelen ustası Gülşən Mustafayeva və keramika ustası Elina Nərimanova da festivalın bağlanış tədbirinə öz töhfələrini veriblər. Basqal kəlağayısının sərgiləndiyi stenddə bu baş örtüyünün 40 növü, Lahıc misgərlik sənətinin sərgiləndiyi stenddə misdən hazırlanmış samovar, dolça, sərnic, güyüm, kasa, cam, çaydan, məcməyi, sini, sərpuş – ümumilikdə 20 nümunə sərgilənib. Şamaxı Yaradıcılıq Mərkəzinə məxsus stenddə isə keramikadan 22 boşqab, 3 ədəd dolça, nar dəsti, üzüm dəsti, lalə dəsti, fincanlar, qobelen örnəkləri və s. təqdim edilib.

Şəki-Zaqatala RMİ-nin təmsilçiləri də festivalın mükafatlandırma mərasiminə əlidolu gəliblər. Şəkidən gətirilən 18 müxtəlif formalı şəbəkə (usta İlqar Rəsulov), 14 ədəd təkəlduz (usta Gülnar İsmiyeva) örnəyi tədbir iştirakçılarının marağına səbəb olub.