Xarici tur-operatorlar üçün tanıtım səfəri

 

Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən noyabrın 8-dən 13-dək Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrika Respublikasından olan və quş müşahidəsi üzrə ixtisaslaşmış tur-operatorlar üçün tanıtım səfəri təşkil edilib.

Dövlət Turizm Agentliyindən (DTA) bildirilib ki, xarici qonaqlar “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində quşların Qafqaz dağları ilə Xəzər dənizi arasında 90 kilometr uzunluğunda keçid yolunu əhatə edən “darboğaz”da payız miqrasiyasını müşahidə ediblər.

Bundan əlavə, Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan Milli parkları, Mahmudçala gölü, Varvara su anbarı, Xızı dağları, eləcə də digər ərazilərə səfərlər həyata keçirilib, nadir quş növləri müşahidə edilib. Proqram çərçivəsində səfər iştirakçıları üçün ornitoloji turizmlə bağlı təqdimat, həmçinin B2B formatlı görüşlər təşkil olunub.

Qeyd edək ki, DTA-nın tabeliyində olan “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.