3 əcnəbi və 2 yerli film “Qızıl nar”a layiq görülüb

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) tərəfdaşlığı ilə 10-15 noyabr tarixlərində Nizami Kino Mərkəzində keçirilən XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalına (BBQFF) yekun vurulub.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festivala bu il Nizami Kino Mərkəzi ilə yanaşı, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Counsil”, Azərbaycan Prodüserlər Gildiyası və Yunus Əmrə İnstitutu dəstək verib.

Noyabrın 15-də festivalın bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi olub.

Mərasimdə əvvəlcə BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev, Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu çıxış edib, festivalın qaliblərinə və bütün iştirakçılara yeni yaradıcılıq uğurları arzulayıblar.

Sonra qaliblər elan olunub. Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib. Bildirilib ki, 3-ü beynəlxalq, 2-si yerli müsabiqə üzrə olmaqla 5 film festivalın baş mükafatına – “Qızıl nar”a layiq görülüb.

Müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissorlar Patrisio Martines və Fransisko Kantonun (Argentina) “Heç biri” filmi “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. “Ən yaxşı sənədli film” nominasiyası üzrə Nikita Lovetskinin (Qırğızıstan) “Qalina Petrovna”, “Ən yaxşı animasiya filmi” üzrə Vuk Palibrk və Tanja Brzakoviçin (Serbiya) “Fabuladakı canavar” filmləri də qalib adını qazanıb.

“Ən yaxşı bədii film rejissoru” nominasiyasında “Rəfiqəm” filmi ilə Kövsər Yunis (Misir), “Ən yaxşı sənədli film rejissoru” üzrə “Üç bacı” filminə görə İman Behruzi (İran), “Ən yaxşı animasiya filmi rejissoru” nominasiyasında isə “Cadugər-pəri” ekran işi ilə Sedrik Ayqat, Devid ven de Ueyer (Belçika-Bolqarıstan) birinci olublar.

“Ən yaxşı ssenari” nominasiyasında Yan Buynovskinin (Polşa) “Şeytan”, “Ən yaxşı montaj” üzrə isə Andrea Slaviçekin (Xorvatiya-İspaniya) “Dava haqqında əsl həqiqət” filmləri mükafat alıb.

Rejissor Manuel Omontenin (İspaniya) “Teruel ətrafında” filmi “münsiflər heyətinin xüsusi mükafatı”, Nəzrin Ağamalıyevanın (Azərbaycan) “Hədis”, Bahau Liunun (Çin-ABŞ) “Raket start meydançasında olanda”, Evrim İncinin (Türkiyə) “Divar”, Ayal Adamovun (Rusiya) “Aykuo”, Aycan Qasımbəyin “Bir az sevgi” (Qazaxıstan) filmləri isə “münsiflər heyətinin xüsusi qeydi” mükafatlarına layiq görülüb.

Festivalın “Asiya istedadları” müsabiqəsi üzrə Əlirza Kazımpurun (İran) “Haçalanmış uclar” filmi “Ən yaxşı film” nominasiyasında qalib olub. “Ən yaxşı rejissor” nominasiyasında “Satıcının bir günü” filmi ilə Erinç Durlanık (Türkiyə), “Ən yaxşı ssenari” üzrə isə Ədalət Ömərovun (Qırğızıstan) “Toy mahnısı” filmi birinci yeri əldə edib.

Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında Səməd Ağayevin “Salam, İsa”, “Ən yaxşı sənədli film” üzrə Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası”, “Ən yaxşı sosial çarx” nominasiyasında Vüsal Həmdullayevin “Xocalı”, “Ən yaxşı tələbə filmi”ndə Məmmədəmin Əlizadənin “Pianist” filmləri qalib olublar.

Elmar Bayramovun “Nəfəs” filmi “Ən yaxşı rejissor”, Şirin Əhmədov, Elmar Fərzəli isə “Qütb ulduzu” filmi ilə “Ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar.

“Cinemobil” nominasiyasında Hüseynağa Aslanovun “Saatsaz” filmi qalib olub.

Türkiyəli rejissor Kasım Ördekin “Birlikdə, tək” filmi “Azərbaycanfilm” kinostudiyasının “Rasim Ocaqov” mükafatına layiq görülüb.

Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” üzrə, Gülay Babayeva isə “Arxa cəbhə” filmi ilə münsiflər heyətinin diplomlarını qazanıblar.

Sonda Səməd Ağayevin “Qızıl nar”a layiq görülmüş “Salam, İsa” filmi nümayiş etdirilib.

Nurəddin