Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə 11-15 noyabr tarixlərində paytaxtımızdakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı tədbir və təqdimatlarla yadda qaldı.
Sərginin sonuncu günü, noyabrın 15-də “Zəfər” təqdimat zonasında mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgidə 11 xarici ölkədən 31 qurum, eləcə də 130-dan çox yerli nəşriyyat-poliqrafiya və kitab sənayesi ilə əlaqəli müəssisə iştirak edib. Ümumilikdə 5 gün ərzində sərgidə müxtəlif formatda 220-dən çox tədbir keçirilib.
Şöbə müdiri sərgidə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.
Daha sonra sərginin mükafatları təqdim olunub.
“Ən kreativ stend tərtibatı” nominasiyası üzrə “Everest” və “Çinar”, “Ən fəal nəşriyyat” nominasiyasında “Qanun” nəşriyyatları qalib elan edilib. “Heydər Əliyev İli”nə həsr olunmuş ən yaxşı kitab” nominasiyası üzrə “Heydər Əliyev – 100” kitabı qalib olub.
“Ən çox oxunan müəllif” nominasiyasında Rövşən Abdullaoğlu, Kəramət Böyükçöl, “Ən fəal oxucu” nominasiyasında Dinara Əliyeva, Şamil Rəhmanzadə, Ayşən Vəliyeva, “Ən yaxşı qiraətçi” nominasiyasında isə Xəzər Süleymanlı qalib adını qazanıb.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.
Nurəddin