“Belə birtərəfli yanaşma ABŞ-nin vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər”
15 noyabr 2023-cü il tarixində ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlər səmərəsiz, əsassız və qəbuledilməzdir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində deyilir. Şərhdə vurğulanır ki, ABŞ Konqresi Nümayəndələr Palatasının alt komitəsindəki dinləmələrdə səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır.
Diqqətə çatdırılır ki, Dövlət Departamentinin nümayəndəsi cari ilin 19-20 sentyabrında Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirərkən Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə 10 mindən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb.
XİN-in şərhində bildirilir ki, Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub: “Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-yə səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir”.
Şərhdə ABŞ-nin Azərbaycanla İran arasında kommunikasiya xətləri ilə bağlı iradlarına da toxunularaq deyilir: “Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir”.
Həmçinin vurğulanır ki, Dövlət Departamenti nümayəndəsinin “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb” ifadəsi 30 ilə yaxın təcavüzün və gücdən istifadənin qurbanının məhz Azərbaycan olduğunu nəzərə alaraq heç bir dəyər daşımır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır.
“ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-nin Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik.
Üstəlik, ABŞ-nin belə birtərəfli yanaşması ABŞ-nin vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.
Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır”, – deyə şərhdə bildirilir.