Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi bu ilin əlamətdar mədəniyyət hadisəsi kimi yadda qalacaq. Builki sərgi həm də Azərbaycan mədəniyyətinin böyük hamisi, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması ilə əhəmiyyətli idi.
İlk dəfə 2009-cu ildə təşkil edilən sərgi paytaxtımızı kitab və nəşriyyat-poliqrafiya sahəsi təmsilçilərinin görüş yerinə çevirib. Sərgi ziyarətçilərinin hər il artan statistikası da bunu təsdiqləyir. Builki sərginin rekord sayda – 67 mindən çox ziyarətçisi olub. Müqayisə üçün deyək ki, ötənilki sərgidə bu göstərici 30 mindən bir qədər çox idi.
Dövlət tərəfindən kitab sənətinə, nəşriyyat-poliqrafiya sənayesinə göstərilən diqqət və qayğı bu sahədə nəzərəçarpacaq inkişafa səbəb olub. Son illər bu istiqamətdə görülən işlərin, reallaşan ardıcıl layihələrin nəticəsidir ki, bu gün kitabla bağlı hər hansı tədbir artıq ictimaiyyətin böyük marağına səbəb olur. Xüsusilə də gənclərin kitaba marağının artdığını görmək məmnunluq doğuran haldır. Ümid edirik ki, qarşıdakı sərgilərdə iştirakçı ölkələrin əhatə dairəsi daha da genişlənəcək, tədbir və təqdimatların sayı, keyfiyyəti ilə yanaşı, ziyarətçilərin də sayı artacaq.