Noyabrın 15-də IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzinin “Zəfər” zonasında AMEA-nın “Heydər Əliyev İli”nə dair nəşrləri ilə bağlı tədbir keçirilib.
Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” kitabı da təqdim olunub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın və ona tabe olan elmi-tədqiqat müəssisələrinin “Heydər Əliyev İli” ilə bağlı ərsəyə gətirdikləri nəşrlərdən bəhs edib.
Akademik Teymur Kərimli çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan klassik irsinə sevgi və qayğısından, bu irsin öyrənilməsi, tədqiqi və təbliği istiqamətindəki unudulmaz fəaliyyətindən bəhs edib. Bildirib ki, “Heydər Əliyev və klassik irs” kitabında Ümummilli liderin müxtəlif səviyyəli dövlət tədbirlərindəki çıxışlarından, ziyalılarla görüşlərində səslənən nitqlərindən, imzaladığı fərman və sərəncamlarından nümunələr gətirilərək onun klassik mədəni irsimizin böyük hamisi olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, monoqrafiyada Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəmdə Əlyazmalar İnstitutuna ziyarətini və “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin faksimilesini bağışlamasına dair nadir fotolar, akademik Teymur Kərimlinin Ulu öndərin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Heydər doğulub” başlıqlı qəzəli də yer alıb. Yeni nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.
Tədbirdə həmçinin AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və başqaları çıxış ediblər.
Sonda tədbir iştirakçıları Əlyazmalar İnstitutunun əməkdaşlarının “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirdikləri kitab və monoqrafiyalarla tanış olublar. Sərgidə əməkdaşların ümumilikdə 19 kitabı yer alıb.
Təqdimatın sonunda xatirə şəkilləri çəkdirilib.