Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış heykəltaraş, pedaqoq, Xalq rəssamı Akif Əsgərov noyabrın 18-də, 83 yaşında vəfat edib.
Akif İzzətulla oğlu Əsgərov 1 may 1940-cı ildə Naxçıvan şəhərində anadan olub. 1953-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1969-cu ildə İ. Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltaraşlıq, Memarlıq Akademiyasını (M.K.Anikuşinin emalatxanası) bitirib. Dəzgah və monumental heykəltaraşlıqla məşğul olub.
1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb.
Heykəltaraşın işləri Azərbaycanın, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərləri Fransa, Almaniya, ABŞ, Türkiyə və İngiltərədə şəxsi kolleksiyalarda yer alıb. “Hüseyn Cavid” heykəli Moskvada Tretyakov Qalereyasında saxlanılır.
Sənətkar, həmçinin Hüseyn Cavidin müxtəlif ədəbi qəhrəmanlarının heykəllərinin müəllifidir. 2018-ci ildə Azərbaycanın Xalq rəssam fəxri adına layiq görülüb.
Heykəltaraş uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru idi.
Mədəniyyət Nazirliyinin kollektivi Akif Əsgərovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.