Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “20 noyabr Ağdam Şəhəri Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, fotolar, dövri mətbuat səhifələrində Ağdam şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Ağdam şəhərinin tarixi haqqında kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

Noyabr ayının 20-si Ağdam Şəhəri Günüdür. Ağdam Şəhəri Günü Azərbaycanda ilk dəfədir qeyd olunur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 20 noyabr “Ağdam şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 noyabr – “Ağdam Şəhəri Günü” elan olunması ilə bağlı imzaladığı Sərəncama əsasən, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən silsilə materiallar - virtual kitab sərgisi və videomaterial hazırlanıb.

Kitabxanadan bildiriblər ki, hazırlanan materiallarda Ağdam rayonunun yaranma tarixi, gözəl təbiəti, Cümə məscidi, Şahbulaq qalası, Qutlu Musa və Pənahəli xanın türbəsi kimi tarixi memarlıq abidələri, dünyada ikinci olan Çörək muzeyi haqqında məlumat verilir.

Materiallarda Ağdam rayonunun erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları-tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Ağdamın “ruhlar şəhəri”nə çevrilməsi faktları işıqlandırılır. Azərbaycanın əzəli torpağı olan Ağdam şəhərinin Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi sayəsində imzalanan kapitulyasiya aktına əsasən geri qaytarılması haqqında geniş məlumat verilir. Videomaterialda bu gün Ağdam şəhərində aparılan bərpa-quruculuq işlərindən, yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin salınması, sənaye parkları, aqroparkların yaradılmasından bəhs edilir.

Virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Ölümü fəth edənlər”, “Ağdam rayonu və onun toponimiyası”, “Ağdamım mənim”, “Ağdam rayonu dialektlərinin toplanılması və linqvistik təhlili” kimi 10-dan çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələrinin görüntüləri yer alıb.

20 noyabr – “Ağdam Şəhəri Günü” ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.