20 noyabr 1991-ci ildə erməni silahlı qüvvələri Qarabağ münaqişəsi gedişində Azərbaycana qarşı ən böyük terror aktını həyata keçiriblər. O vaxtkı Martuni (Xocavənd) rayonunun Qarakənd kəndinin səmasında içərisində Azərbaycanın dövlət və hökumət rəhbərlərinin olduğu "Mi-8" vertolyotu raketlə vurulub.
Vertolyotda olan 22 nəfərin hamısı, o cümlədən dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, SSRİ Ali Sovetinin deputatları Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri – mətbuat xidmətinin rəhbəri Osman Mirzəyev, Azərbaycan Televiziyasının çəkiliş qrupu – jurnalist Alı Mustafayev, videooperator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru V.Plavski, Dağlıq Qarabağ münaqişəsi regionunda Rusiya və Qazaxıstanın müşahidəçilər qrupunun rəhbərləri, vertolyotun heyət üzvləri həlak olmuşdu.
Faciə ilə bağlı Azərbaycan ərazisində üçgünlük (21-23 noyabr) matəm elan edilmişdi. Qarakənd terroru Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair iki ay öncə Jeleznovodskda əldə edilmiş razılaşmanın sonu oldu və münaqişə tam hərbi müstəviyə qədəm qoydu. Bu gedişata uyğun olaraq, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərar qəbul etdi...