AMEA-nın Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə noyabrın 16-da“Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib.
Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2022-ci ildə Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırladıb. O, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 6 dekabr tarixli Sərəncamına müvafiq olaraq AMEA-da tədbir planının hazırladığını və bu istiqamətdə müvafiq işlərin görüldüyünü bildirib. Qeyd edib ki, bugünkü konfrans da həmin tədbirlər planı çərçivəsində keçirilir.
İsa Həbibbəyli XIX əsrin sonu, XX əsrin əvvəlində yaşayıb-yaratmış görkəmli ictimai-siyasi xadim, mətbuat xadimi, böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun Azərbaycanın və Türk dünyasının dəyərli şəxsiyyətlərindən biri olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Əhməd bəy Ağaoğlunun həm Azərbaycandakı, həm də Türkiyədəki çoxcəhətli fəaliyyəti Azərbaycan xalqının onun timsalında dahi bir mütəfəkkir yetişdirmək potensialının olduğunu ortaya qoyur.
AMEA rəhbəri deyib ki, Əhməd bəy Ağaoğlu Türkiyədə olduğu müddətdə Mustafa Kamal Atatürkün ideallarına sədaqətini nümayiş etdirib, onun silahdaşlarından birinə çevrilib. Türkiyədə XX əsrin əvvəllərində türkçülüyü yaradan simalardan biri kimi qəbul olunmuş Əhməd bəy Ağaoğluğu “İttihad və Tərəqqi” partiyasındakı keşməkeşli fəaliyyətində, keçdiyi mürəkkəb yolda nümayiş etdirdiyi bütövlüyü, dözümlülüyü hər zaman qoruyub saxlayıb.
Akademik Azərbaycanın və Türkiyənin dövlət başçılarının sarsılmaz birliyinin, möhkəm təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən atılan Azərbaycan-Türkiyə qardaşlığının dünya ölkələri üçün nümunəvi dövlətçilik modeli olduğuna diqqət çəkərək vurğulayıb ki, bugünkü konfransın öz suverenliyini, müstəqilliyini tam bərpa etmiş Azərbaycanda təşkili həm də görkəmli mütəfəkkirin arzularının həyata keçməsi deməkdir.
AMEA prezidenti İsa Həbibbəyli Əhməd bəy Ağaoğlunun yaradıcılığının, ideyası bu gün üçün də aktual olan bədii-sənədli əsərlərinin geniş kütləyə çatdırılmasında konfransın əhəmiyyətindən danışıb.
Sonra tarix elmləri doktoru professor Dilarə Seyidzadə çıxış edərək böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyətindən, türk birliyi və müstəqilliyinin müdafiəsi ilə bağlı gördüyü işlərdən danışıb. Dilarə Seyidzadə öz elmi fəaliyyətində 1905-ci il Azərbaycan tarixinə dair tədqiqatlara geniş yer ayırdığını söyləyək, tədqiqatlar zamanı bir sıra şəxsiyyətlərin, o cümlədən Əhməd bəy Ağaoğlunun yaradıcılığı ilə daha yaxından tanış olduğunu bildirib. Diqqətə çatdırıb ki, görkəmli ictimai-siyasi xadim Azərbaycanın və Türkiyənin tarixi və bu günü üçün misilsiz xidmətlər göstərib, “Difai” təşkilatının yaradılmasında böyük işlər görüb. Dilarə Seyidzadə Əhməd bəy Ağaoğlu irsini daha mütəşəkkil şəkildə araşdırmaq və gələcək nəsillərə daha dərindən tanıtmaq baxımından tədbirin önəmini qeyd edib.
Konfransda “Əhməd bəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, “London İqtisadiyyat Məktəbindən” qonaq müəllim, professor Yasemin Giritli İnceoğlu, Türkiyə Milli Təhsil Nazirliyinin sabiq müşaviri Ömər Özcan və Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Nikpur Cabbarlı çıxış edərək böyük fikir adamı Əhməd bəy Ağaoğlunun türk düşüncəsinin formalaşması sahəsində mühüm xidmətlər göstərdiyini, Azərbaycanın, eləcə də Türkiyənin elm və mədəniyyət tarixində özünəməxsus yer tutduğunu bildiriblər.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Şahbaz Şamıoğlunun “Əhməd Ağaoğlunun epistolyar irsi tarixi-mədəni, ictimai-siyasi aspektlər kontekstində” mövzusunda məruzəsi dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.