Film layihələri müsabiqəsində iştirak edən tələbələrlə görüş
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən bu ilin 18 iyul tarixində elan edilən film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub. Müsabiqənin “Tələbə” altistiqaməti üzrə məqbul hesab edilmiş layihələrin həyata keçirilməsi prosesi ARKA tərəfindən Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərova həvalə olunub.
Noyabrın 17-də Azərbaycan Dövlət Film Fondunda rejissorla tələbələrin görüşü keçirilib.
ARKA-nın şöbə müdiri Rəşad Qasımov qeyd edib ki, seçim komissiyası üzvlərinin qiymətləndirməsinə əsasən, ikinci mərhələdən dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30 layihə məqbul hesab edilərək növbəti mərhələyə keçib. O cümlədən 16 tələbə layihəsi məqbul hesab olunub: “Belə qərara gəlindi ki, müsabiqədə iştirak edən tələbələrin kurs və diplom işlərinə də dəstək göstərilsin. Bunun üçün bir mexanizm düşünüldü və kinorejissor Elxan Cəfərov müsabiqənin tələbə layihələrinin bədii rəhbəri təyin olundu. Bu layihələrin həyata keçirilmə mexanizmindən yaradıcı və istehsalat planlarına nəzarət onun tərəfindən reallaşdırılacaq”.
Rejissor Elxan Cəfərov tələbələrin ssenariləri ilə tanış olub, prosesin gedişi barədə məlumat verib.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.
Qeyd edək ki, film layihələri müsabiqəsinin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi 23-24 noyabr tarixlərində Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.
Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq müdafiə edəcəklər. Bu mərhələdə seçim komissiyası və ekspert şurasının rəyi əsasında müəyyən olunacaq qalib layihələr 27 noyabr tarixində ARKA-nın rəsmi internet səhifəsində (arka.culture.az) elan ediləcək.
İştirakçıların müsabiqənin yekun nəticələri ilə bağlı şikayətləri olarsa, apellyasiya komissiyası bu barədə müvafiq qərar qəbul edəcək.
Nurəddin