Kinomanlar üçün yaxşı təşkil edilmiş və zəngin proqrama malik festival payızda da yaz günəşitək parlaq təəssüratlıdır. Noyabrın 10-dan 15-dək davam edən XIV Beynəlxalq Qısa Filmlər Festivalı da belə təəssüratla yadda qaldı.
“Oskar”lı irlandlar
Festival Tom Berkli və Ross Uaytın “Oskar” mükafatlı “İrlandsayağı vidalaşma” filmi ilə açıldı. Film maşının arxa oturacağında qucağında vəfat etmiş analarının kremasiyasından qalan külü toplanmış saxsı qab tutan kiçik oğul, sükan arxasında oturmuş böyük oğul və onun yanındakı keşişin yol getməsi ilə başlayır. Onlar qardaşların ferması yerləşən malikanəyə gəlib çatırlar. Keşiş sağollaşıb gedəndə analarının arzularından ibarət siyahının onda olduğunu və elə onda da qalacağını qardaşlara bəyan edir, çünki siyahını onlara verməkdə heç bir məna görmür.
Lakin keşiş çıxıb gedəndən sonra qardaşının Londona köçməsindən məmnun olmayan kiçik qardaş onu malikanədə saxlamaqdan ötrü siyahıda yazılan arzuları həyata keçirməyi təklif edir. Yalnız bundan sonra o, Londona köçə bilər. Böyük qardaş razılaşır. Burda rejissor maraqlı bir fənd işlədib – qardaşların hər ikisi, əslində, arzular siyahısından xəbərsizdir. Amma böyük qardaş kiçik qardaşın analarının arzuları kimi qələmə verdiyi uydurma siyahıda yazılanların hamısını onunla birlikdə reallaşdırır. Başqa sözlə, analarının əsl arzusunu – oğlanlarının mehriban qardaşlar münasibətində olub malikanəyə, fermaya sahiblik etməsini.
“İrlandsayağı vidalaşma” tipik irland filmidir – ekran əsərində nəinki kino nəhəngi Amerikanın, heç hər hansı Avropa ölkəsinin təsirini sezmək mümkün deyil. Xarakterlər, davranışlar, dialoqlar, replikalar, natura və interyer təsvirləri də həmçinin. Film komikliklə dramatikliyin, duyğusallığın “qızıl” ortasında, qısametrajlı film meyarları qədərindədir.
“Raket start meydançasında olanda”
Çin-ABŞ istehsalı olan “Raket start meydançasında olanda” filmi müstəqil həyatın astanasında dayanan yeniyetmələrdən bəhs edir. Rejissor Bohao Liu Çin Xalq Respublikasında kasıb təbəqədən olan qızların həyatda öz bacarıqlarını ifadə etmək, maraqlandıqları elm sahəsi və ya idman növü ilə məşğul olmaqdan ötrü necə çabaladıqlarını real cizgilərlə təsvir edir.
Filmin Amerika kinematoqrafçıları ilə birgə çəkilməsi mövzunun açılmasına müsbət təsir göstərməyib. Çin kino estetikasının spesifikliyi mono kinokamera ilə bu mövzunu daha koloritli aça bilərdi. Yeri gəlmişkən, ekran əsəri festivalda “Münsiflər heyətinin xüsusi qeydi” mükafatını qazanan filmlərdən biri oldu.
Mənliyin müstəqillik günü
Qazax rejissor Cəmilə Sağınxanın “Müstəqillik gününüz mübarək!” filmi şəxsi hüzn fonunda üstəlik, işsiz qalmaq problemi ilə də üzləşən 54 yaşlı Muradın əhvalatı üzərində qurulub. Hadisə Qazaxıstanın Müstəqillik Günündə başlayır. Murad paytaxtda məmur işində çalışan oğlunun anasının vəfatının ildönümünə gəlməyə macal tapmamasından narazıdır. Özü isə ingilis dilini bilmədiyi üçün ixtisara düşüb. İngilis dili kurslarına yazılmağa gəlir. Tədris qiyməti baha olduğu üçün vaz keçmək istəyəndə kursun rəhbəri ona qazax dili müəllimliyi işini təklif edir. Beləliklə, həm ingilis dilini öyrənmək şansı, həm də yeni iş yeri qazanır. Özü də ingilis dilini elə səviyyədə öyrənir ki, onu əvvəlki işinə qayıtmağı təkidlə təklif edirlər (qürur və nəzakətlə imtina edir). Kursda isə günlərin bir günü hətta ingilis dili müəllimini əvəz etməyi xahiş edirlər...
Rejissor nə çəkdiyini, necə çəkdiyini çox yaxşı qavradığı, filminə kənardan baxmağı bacardığı üçün “Müstəqillik gününüz mübarək!” filmi ağır mövzunu, ciddi mətləbi çox incə, rahat bir kino dilində tamaşaçıya çatdırır. Qəhrəman sevgi və ehtiram hissi doğurur, çünki əməlisaleh insan, vicdanlı, məsuliyyətli vətəndaş obrazını inandırıcı detallarla canlandırır.
Orta yaş böhranı
Belarus kinematoqrafçılarının festivala təqdim etdikləri “Banket” filmi orta yaş böhranı yaşayan Alekseyin əhvalatından bəhs edir. O, doğulub boya-başa çatdığı şəhərcikdə yaşayır. Sinif yoldaşı ilə evlənib. Bir oğlu və bir qızı var. Oğlu evlənib ayrı yaşayır, qızı isə instituta daxil olub yataqxanaya köçüb. Ailəsindən boşanmış və indi vaxtını tanışlıq saytları ilə doldurmağa çalışan dostu Alekseyə də bunu təklif edir. Amma o, belə əyləncələrə baş qoşmaq istəmir. Elə bu söhbətin ardınca arvadı ilə televizora baxarkən vaxtilə onların sinif yoldaşı olmuş, indi isə tanınmış bir artist kimi doğma şəhərində qastrol səfərində olan xanıma diqqət kəsilir. Arvadı qeyd edir ki, məktəb vaxtı onun səndən çox xoşu gəlirdi və zarafatla qeyd edir ki, niyə fikir vermirdin ona, indi tanınmış artistin əri ola bilərdin. Bundan sonra kişi keçmiş sinif yoldaşının konsertinə gedir, tanınmış artist xanım onu çox istiqanlı qarşılayır, məktəb vaxtı hiss etdirməyə çalışdığı duyğularını indi açıq etiraf edir. Konsertdən sonrakı banketdə kişi cəsarətlənir və keçmiş sinif yoldaşı ilə yaxınlıq etmək istəyir. Lakin qadın onu ikrah hissi ilə itələyib deyir ki, bir özünə bax, doğrudanmı sən güman etdin ki, biz birlikdə ola bilərik?...
Filmin rejissoru İrina Qmirin ideyası aydındır. Lakin bu ideyanı gerçəkləşdirən ifadə vasitələri tamamilə yararsızdır – əsas personajların davranışları da həmçinin. Bayaqdan bəri mehriban keçmiş məktəb yoldaşı və az qala sevgili olmağa hazırlaşmış kimi görünən xanımın ilk məhəbbətinin naqolay ifadəsini ikrahla rədd etməsi qeyri-təbii görünür. Buna görə də film bayağı təsir bağışlayıb.
Marketinq və səmimiyyət
Türkiyəli Erinc Durlanıkın “Satıcının bir günü” filmi dövrümüzün həm tələbatına, həm də bəlasına çevrilmiş marketinq bacarıqlarına həddən ziyadə önəm verilməsini incələyir. Film rejissora nəql edilən real əhvalat – dini kitablarla Cümhuriyyət tarixinə dair kitabların eyni bir mağazada satılmasını düzgün saymayan gerizəkalı birinin mövqeyinə etiraz üzərində qurulub.
Gənc xanım kitab mağazasında işə düzəlir. Təcrübəli xanım ona bu işin incəliklərindən bəhs edir. Onların çox fərqli insanlar olduğu dərhal nəzərə çarpır – gənc xanım çox səmimi, təcrübəli xanım isə səmimiyyət rolunu oynamağı bacarandır. Və marketinq bilgilərinin sonucda iflasa uğrayacağı da aşkardır – gənc xanım qeyri-dürüstlüyü aşkar edəcəyi andaca bu işdən uzaqlaşacaq. Onların arasında kifayət qədər yaş fərqi də var. Amma yaşının bura heç bir dəxli yoxdur, fərqli səciyyə onunla birlikdə doğulub.
Film real kitab satışı və sifarişi mərkəzində çəkilib. Çəkiliş inkoqnito aparılıb və bu cəhətlər “Satıcının bir günü”nü həm ekran əsəri, həm də sosial ismarış olaraq baxımlı edir. Film festivalın “Asiya istedadları” bölməsində “Ən yaxşı rejissor” nominasiyasında qalib oldu.
Çərçivədəki ümid
Daha bir türkiyəli rejissor Volkan Girginin “Ümid” filmi zəmanəmizin müharibələr, milli qarşıdurmalar, köçkünlər, mühacirlər probleminə özünəməxsus çərçivədən baxır. “Çərçivə” kəlməsi burda təsadüfən işlənməyib. Film yeniyetmə ikən valideynləri ilə birlikdə Bolqarıstandan Türkiyəyə köçməyə məcbur edilən ahıl türk qadınının böyük bir çərçivəyə salınmış ailə fotosunu qucağından buraxmaq istəməməsi ilə başlayır. Son nəfəsinədək fotoşəkil onun qucağında qalır. Vəfat edəndən sonra həkim şəkli qızına verir. Sonrakı epizodda çərçivəli fotonun tullantılar konteynerində görürük. Bu dəfə də bir qadın onu götürüb evinə aparır. Çərçivəsi keyfiyyətli olduğu üçün əvvəlki sahiblərinin fotosunu çıxarıb öz ailə fotosunu salır çərçivəyə, amma ilkin sahiblərin fotosunu tullamır, öz fotosunun altında gizlədir. Bu ailənin başına daha pis bədbəxtlik gəlir – evləri yerlə yeksan olur, çərçivəli fotoşəkli isə sahildə qızı ilə yol gedən ukraynalı qaçqın tapır və onu özünə götürür ki, öz ailəvi şəklini bu çərçivəyə salsın və Ukraynaya qayıdacaqları günü gözləsin.
Beləliklə, çərçivə zaman ötdükcə daha acınacaqlı ailə talelərinin tarixçələri ilə dolub-daşır. Filmin adı “Ümid” olsa da, süjet ümidsizlik saçır. Lakin hər halda ümid ən sonda ölən bir hiss olduğu üçün filmdə dünyamızın hər hansı qarşıdurmalardan qurtulmasına inam da yox deyildir. O cümlədən ümidin çərçivədən çıxmasına…
***
XIV Beynəlxalq Qısa Filmlər Festivalının son günü qaliblər təltif edildi. Hər bir festivaldan mədəniyyətimizin mükafatı isə daha önəmlidir – bu, tamaşaçı marağıdır. Festival günləri zalı ağzınadək dolu görmək, seanssonrası qızğın müzakirələri müşahidə etmək bunun sübutu idi...
Samirə Behbudqızı