Türkiyədə “Kanal D” ekranında artıq üçüncü mövsüm yayımlanan “Yarqı” serialı ABŞ-də beynəlxalq “Emmi” mükafatına layiq görülüb. Noyabrın 21-nə keçən gecə Nyu-Yorkdakı “Hilton Midtown” hotelində keçirilən mərasimdə 20 ölkədən 14 kateqoriyada 56 film təmsil olunub.
Serialın prodüseri Kərəm Çatay, rejissoru Əli Bilgin, ssenaristi Səma Ergenekon, baş rol oyunçuları Pınar Dəniz və Kaan Urgancıoğlunun qatıldığı gecədə “Ay Yapım”ın istehsalı olan “Yarqı” “Ən yaxşı telenovella” nominasiyasında qalib olub. Bu, “Qara sevda”dan (2015-2017-ci illərdə “Star” kanalında yayımlanıb) sonra “Emmi” mükafatı qazanan ikinci Türkiyə serialıdır.
Sənədli film kateqoriyasında Kanadanın hindu mənşəli müğənnisi Baffi Sent-Mari haqqında çəkilən eyniadlı film mükafat alıb. Rejissorluq üzrə mükafata “Balaji Telefilms” şirkətinin həmtəsisçisi hindistanlı rejissor Ekta R.Kapur layiq görülüb.
Qeyd edək ki, “Emmi” mükafatı ABŞ-nin Beynəlxalq Televiziya İncəsənət və Elmlər Akademiyası (IATAS) tərəfindən verilir. Beynəlxalq “Emmi” mükafatı (International Emmy Awards) ilə ABŞ-dən kənarda istehsal olunan ekran işləri təltif olunur. Amerikanın yerli teleməkanı üçün “Emmi” mükafatlarının təqdimatı isə Hollivudda işçilərin tətili səbəbindən gələn ilin yanvarına ertələnib.