Hərracda 1,9 milyon avroya satılıb

 

Fransa imperatoru Napoleon Bonaparta (1769-1821) məxsus keçə papaq Parisdə hərraca çıxarılıb.

İmperatorun papağı noyabrın 19-da “Osenat” satış evində 1 milyon 932 min avroya satılıb. Satış evinin məlumatına görə, papaq hərracdan əvvəl 600-800 min avro dəyərində qiymətləndirilirdi.

On beş illik hakimiyyəti dövründə Napoleonun xarakterik formaya malik 120-yə yaxın papağı olub. Hərracda alıcılara imperatorun saçı və dəsmalı, Müqəddəs Yelena adasında taxdığı əlcəklər və geyindiyi köynək də təklif edilib.

Qeyd edək ki, imperator Avropa müharibələrində məğlubiyyətindən və hakimiyyətinin tam süquta uğramasından sonra, 1816-cı ildə Atlantik okeanındakı (Afrika qitəsindən 2800 km qərbdə) Müqəddəs Yelena adasına sürgün edilmiş və 1821-ci ildə burada ölmüşdü. Adada sürgündə olan zaman yaşadığı ev və dəfn olunduğu yer Fransaya aid tarixi  abidə kimi qorunur.