Olaylar, faktlar (21–23 noyabr)

 

105 il əvvəl...

 

22 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib. Bu tarix Azərbaycan ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

80 il əvvəl...

 

22 noyabr 1943-cü ildə Livan müstəqilliyini elan edib. XVI əsrdən 1918-ci ilədək Osmanlı imperiyasının tərkibində olan Livan daha sonra Fransanın mandatı altına keçmişdi. Müstəqilliyin ilk dövrü Livanda xristian-müsəlman toqquşmaları, 1975-1990-cı illər vətəndaş müharibəsi ilə müşayiət olunub. Konfessiyalararası razılaşmaya görə, ölkədə prezident xristian, baş nazir müsəlman-sünni, parlamentin sədri müsəlman-şiə olmalıdır.

 

74 il əvvəl...

 

22 noyabr 1949-cu ildə Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının tikintisi ilə başlanıb. 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edib. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

 

60 il əvvəl...

 

22 noyabr 1963-cü ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində Prezident Con Fitscerald Kennedi qətlə yetirilib. ABŞ-nin 35-ci prezidenti növbəti seçki kampaniyasında iştirak etmək üçün Dallasa gəlmişdi. Prezidenti üç atəşlə qətlə yetirən ABŞ dəniz piyadası Li Osvald iki gün sonra həbsxanaya aparılarkən Kennedinin pərəstişkarı Cek Rubi tərəfindən öldürüldü.

 

31 il əvvəl...

 

21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilib. Təsis konfransında partiyanın məramnamə və nizamnaməsi qəbul olunub, rəhbər orqanları seçilib. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev açıq səsvermə əsasında YAP-ın sədri seçilib.

 

27 il əvvəl...

 

21 noyabr 1996-cı ildə BMT-də ilk dəfə Dünya Televiziya Forumu keçirilib. Bu əlamətdar hadisə ilə bağlı BMT Baş Assambleyası (17 dekabr 1996) tərəfindən 21 noyabr – “Dünya Televiziya Günü” təsis edilib.

 

21 il əvvəl...

 

21 noyabr 2002-ci ildə NATO-nun Praqa (Çexiya) sammitində yeddi ölkənin – Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya, Litva, Latviya və Estoniyanın alyansa dəvət olunması barədə qərar edilib. Sözügedən ölkələr 2004-cü ilin aprelində NATO-ya tamhüquqlu üzv olundular.

 

20 il əvvəl...

 

23 noyabr 2003-cü ildə Gürcüstanda parlament seçkiləri (2 noyabr) ilə bağlı etiraz  aksiyaları Prezident Eduard Şevardnadzeni istefa verməyə məcbur edib. Mixail Saakaşvili və silahdaşlarının rəhbərliyi altında “məxməri inqilab” baş verib, seçkilərin nəticələri ləğv olunub. 2004-cü ilin yanvarında Saakaşvili prezident seçildi, mart ayında isə onun tərəfdarları yeni parlament seçkilərində qalib gəldilər.

 

16 il əvvəl...

 

22 noyabr 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin (Tbilisi-Axalkalaki-Türkiyə sərhədi) təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Abdullah Gül iştirak ediblər. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verildi.

Hazırladı: V.Orxan