Baba yurdu Cəbrayıla gələn amerikalı Qarabağlı
Sevinirəm ki, babamın vəsiyyətini yerinə yetirib onun doğulduğu torpağa gələ bilmişəm. Yüz il də düşünsəm, ağlıma gəlməzdi ki, bu, gerçək olacaq. Babamın evinin qarşısındayam. Bura mənim evimdir...
Bu sözləri əslən Cəbrayıldan olan, lakin Amerikada doğulub boya-başa çatan, ABŞ vətəndaşı olan Ceyhun Qarabağlı deyir.
Onun baba yurduna – Cəbrayıl rayonunun Süleymanlı kəndinə səfərindən bəhs edən “Bura mənim evimdir” adlı qısametrajlı film (rejissor Nicat Cəlilov, operator İsa İsmayılov, montaj “Sinema Art”) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilib.
Noyabrın 17-də filmin təqdimat mərasimi keçirildi. Mərasimə Dövlət Komitəsinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, məcburi köçkünlər qatılmışdı.
...1921-ci il təvəllüdlü Cavanşir Qarabağlı 2-ci Dünya müharibəsində əsir düşüb. Müharibə ilə bərabər Almaniyadakı əsirlik başa çatandan sonra məlum səbəblərdən vətənə qayıda bilməyib. Tale onu Türkiyəyə, sonra Amerikaya aparıb çıxarıb. Nyu-Cersi ştatında yaşayıb. Azərbaycan diasporunun fəallarından olub.
2005-ci ildə dünyasını dəyişib. İşğal altındakı torpaqlarımızın azad edilməsini görmək, bir gün doğma yurda gəlmək onun da arzusu idi. Doğma rayonu, kəndi haqqında nəvəsi Ceyhuna da çox danışmışdı...
Budur, Ceyhun Qarabağlı babasının arzu-vəsiyyətini yerinə yetirərək onun doğulduğu kənddədir. Otuz ilə yaxın sürən erməni işğalı dövründə kənddəki bütün evlər, hətta qəbiristanlıq belə yerlə-yeksan edilib. Amma o, baba evinin xarabalığında dayanıb “bura mənim evimdir” deyir, Allahına şükür edir ki, bu torpağa ayaq basmaq ona qismət olub.
Filmdə Ceyhun Qarabağlı kəndə səfərindən, gördüyü acı mənzərə qarşısında yaşadığı hisslərdən bəhs edir. İngilis dilində çəkilən (Azərbaycan dilində subtitrlə təqdim edilirdi) film qısa (11-12 dəq.) xronometrajına rəğmən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı törədilən dağıntılar, misli görünməmiş vandalizm haqqında dünya ictimaiyyətini məlumatlandırmaq baxımından təqdirəlayiq ekran işidir.
Nümayişdən sonra filmin qəhrəmanı, onun qohumları və çəkiliş qrupu səhnəyə dəvət olundu.
Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov filmin 44 günlük Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünün qeyd edildiyi bir vaxtda ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi səciyyələndirdi. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı vurğulandı. Bildirildi ki, dövlətin diqqət və qayğısı ilə əhatə olunan məcburi köçkünlərin könüllü və ləyaqətlə doğma yurda qayıdışı başlanıb.
Qeyd edildi ki, Ceyhunun səfər təəssüratını filmə çevirmək və bir vətənpərvərlik hekayəsi kimi həm öz cəmiyyətimizə, həm dünya ictimaiyyətinə təqdim etmək ideyası onun Azərbaycana, irsən bağlı olduğu, amma indiyədək görmədiyi doğma kəndinə munis münasibətindən qaynaqlanıb. Bu münasibət bizim bir millət, xalq kimi ən mühüm özəlliyimizdir.
Ceyhun Qarabağlı həyəcan dolu təəssüratını bölüşərək qeyd etdi ki, Amerikada anadan olsa da, ürəyi babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olub. Bu səfər bir fərdin deyil, iki dünya, iki mədəniyyət və iki ev arasında körpünün nümayəndəsinin səfəridir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğaldan azad edilməsi mənim kimi uzaqda yaşayan insanların yenidən ata-baba yurduna qovuşmasına imkan verib”, – deyən amerikalı Qarabağlı Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ruhuna ehtiramını bildirdi, onların ailələrinə və qazilərə təşəkkür etdi.
Tədbirdə Ağdam rayonu Gülablı kənd Uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədovun və yetirmələrinin ifasında ürəyəyatan mahnı çələngi də təqdim olundu.
V.Orxan