25-26 noyabr tarixlərində Şamaxı rayonunun Meysəri kəndində 2-ci Üzüm və Şərab Festivalı keçiriləcək. Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Festival çərçivəsində müxtəlif tədbirlər – şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunacaq. Qonaqlara “Azərbaycanda şərabçılıq və şərab istehsalı tarixi” haqqında məlumat xarakterli təqdimatlar nümayiş etdiriləcək.

Sərgi, əyləncə, piknik, suvenir, kulinariya kimi zonaları olan festival ərazisində ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya edə, həmçinin bəyəndikləri məhsulları ala biləcəklər.

iTicket.az saytı vasitəsilə qeydiyyatdan keçən şəxslərin 25 və 26 noyabr tarixlərində Heydər Əliyev Mərkəzinin qarşısından Meysəri kəndinə aparılıb-gətirilməsi təşkil olunacaq.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır. Azərbaycan 20 ölkənin şərabçılıq marşrutunu özündə birləşdirən, Avropa Şurası və Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən şərab irsi və şərabçılıq turizmini, eləcə də dayanıqlı turizm növlərini təşviq etmək məqsədilə yaradılmış “İter Vitis” maddi və qeyri-maddi şərabçılıq mədəni marşrutunun üzvüdür.