Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının əməkdaşları 20-23 noyabr tarixlərində Antalyada keçirilən “Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə universitet kitabxanalarını yenidən düşünmək” mövzusunda “ANKOSLink” beynəlxalq konfransında iştirak edirlər.

Tədbirə 22 ölkədən 500-ə yaxın iştirakçı, kitabxana işi sahəsində çeşidli informasiya xidmətləri göstərən 212 qurum və 56 firma qatılıb.

Konfransın ilk günündə BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Türk cümhuriyyətlərində kitabxanaların inkişafı” adlı bölmə iclasında “Azərbaycan kitabxanalarının tanıtımı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda 2023-cü ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105, Türkiyə Cümhuriyyətinin qurulmasının 100, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileylərinə təsadüf etdiyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı zamanı minə yaxın kitabxana və 5 milyondan çox kitab fondu dağıdılıb, talan edilib. 44 günlük Vətən müharibəsində torpaqlarımız azad edildikdən sonra Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Qarabağa kitabla gedək!” layihəsi həyata keçirilir.

Sonda Azərbaycanda dövlət kitabxana şəbəkə və sistemləri, universal, kütləvi, universitet, gənclər və uşaq kitabxanaları haqqında danışılıb.

Konfransın ikinci günü “Akademik kitabxanalarda inkişaf və yeniliklər” panelində BDU Elmi Kitabxanasının şöbə müdiri Cəmilə Yusifovanın “Az.KİK-ə üzv akademik kitabxanaların inkişaf və yenilikləri” mövzusunda çıxışı dinlənilib.