Qədim Borçalı mahalının söz-sənət mühitində yetişən görkəmli sənətkarlardan biri də şair Nəbi Faxralıdır. O, aşıq şeirinin müxtəlif şəkillərində dəyərli nümunələr yaradıb. El şairini anadan olmasının 150 illiyi münasibətilə bir daha yada saldıq.

Nəbi Oruc oğlu Faxralı (Şair Nəbi) 1873-cü ildə Borçalı mahalının Faxralı kəndində anadan olub. Erkən çağlardan poeziyaya maraq göstərib. Xəyallarının boy verib şaxələndiyi bir vaxtda ailəsində xoşagəlməz hadisə baş verir. Böyük qardaşı həbs olunaraq Sibirə sürgün edilir. Bu hadisə üzündən Oruc kişi ağır xəstələnir və iş qabiliyyətini itirir. Ailənin güzəranı çətinləşir. Nəbi çox gənc ikən ağır zəhmətlərə qatlaşmaq məcburiyyətində qalır. İmkanlı adamların qapısında nökərçilik, mis mədənində fəhləlik edir. Bu səbəbdən təhsil almağa macalı olmur.  Oxuyub-yaza bilməsə də, qeyri-adi istedadı və iti yaddaşı onun köməyinə gəlir. Aşıq şeirinin müxtəlif janrlarında bir-birindən gözəl nümunələr qoşur. Bədahətən söylədiyi gəraylı, qoşma, divani, müxəmməsləri dildə-ağızda dolaşır. Borçalı və ətraf bölgələrdə keçirilən el şənliklərində yaxından iştirak edir. Bir məclisdə Dədə Ələsgərin qıfılbəndini açır, tanınmış aşıqlarla görüşür, yeri gələndə onlarla söz cənginə çıxır. Şair Ağacan, Qaraçöplü Aşıq Musa, Sadıq Sultanov, Miskinoğlu Allahverdi kimi saz-söz ustaları ilə dostluq edir.

Araşdırmalarda qeyd edilir ki, onun yaşayıb-yaratdığı dövrdə Borçalı mahalında 100-dən çox şair və aşıq olub. O, belə bir zəngin sənət mühitində özünəməxsus deyim-duyum tərzi ilə sayılıb-seçilir. Sözsüz ki, bunun da əsasında istedad dayanırdı. Bütün bunlar onun yaradıcılığının Borçalı elinin hüdudlarını aşmasına səbəb olur.

Tədqiqatçı A.Bayramlının yazdığına görə, hələ sağlığında el şairinin yaradıcılıq nümunələrinin bir qismi qələmə alınıb. Xalq şairi Səməd Vurğun 1955-ci ildə Faxralı kəndinə gəlir. Bir el şənliyində Şair Nəbinin şeirlərini aşıqların dilindən eşidir. Xüsusilə “Dünya” rədifli qoşması S.Vurğunun xoşuna gəlir. Kənd ziyalılarından onun şeirlərinin toplanmasını xahiş edir. Qorqudşünas alim H.Məmmədli Şair Nəbinin şeirlərini və onunla bağlı əhvalatları toplayır. Bundan əlavə, folklorşünas Elxan Məmmədlinin köməyi ilə şairin 200-ə yaxın şeiri bir araya gətirilir. 

Müəllifin məhəbbət mövzulu şeirlərində səmimi hisslər sadə bir dillə ifadə olunur:

Şair Nəbi dilər ildə bir günü,
Düşübdür aləmə sədası-ünü,
Unutmaram belə ahugözlünü,
Əgər olsa ondan qeyri yüz gözəl.

Şair Nəbinin gözəl məclis aparmaq və dastan danışmaq bacarığı olduğundan xalq arasında ustad sənətkar kimi sevilib. Mənbələrdə onun “Mehdi bəyin əhvalatı” adlı dastan-rəvayət bağladığı da qeyd olunur. Hətta el arasında Şair Nəbiyə 13 yaşı olanda buta verildiyi də söylənilir. O, yuxuda Borçalının Daşlıqullar kəndində Zöhrə adlı bir qızla görüşür. Qız ona barmağındakı üzüyü göstərir və nişanlı olduğunu deyir. Şair Nəbi bundan çox pərişan olur. Amma o,  Zöhrəni unutmur, şeirlərində daim nakam sevgisini dilə gətirir:

Vaqeyi-aləmdə sevdiyim sənsən,
Tut gedək vətənə əlimdən, Zöhrə.
Sevgi sevgisini atmaz çöllərə,
Didərgin eləmə elimdən, Zöhrə.

Qeyd edək ki, şairin şeirləri Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı “Azərbaycan aşıqları və el şairləri” (1984) ikicildliyinin II cildinə daxil edilib. Nəşrdə şairin “Bilmədi”, “Gözəl”, “Var bunun”, “Gül, ondan ağla”, “Yaşda dayanmaz”, “Butasan, gözəl”, “Addım-addım” və s. qoşmaları “Şair Nəbi Borçalı” imzası və kiçik bioqrafik məlumatla təqdim olunub. Bu nəşr 1986-cı ildə türk dilinə uyğunlaşdırılaraq İstanbulda “Xalq mədəniyyəti” seriyasından çap edilib. Müstəqillik illərində isə müəllifin “Eləsi var” (1991) və “Yazılanlar gəldi başa” (2003) kitabları işıq üzü görüb.

Şair Nəbi 1945-ci ilin oktyabr ayında, 72 yaşında vəfat edib, Faxralı kəndində dəfn olunub.

S.Fərəcov