Bakı Dövlət Universitetində (BDU) “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən “Ulu öndər xatirələrdə” layihəsinin növbəti qonağı tarix elmləri doktoru, professor Dilarə Seyidzadə olub.

Bu barədə BDU-dan məlumat verilib.

Filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən görüşdə BDU-nun dosenti Məti Osmanoğlu Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində universitetdə həyata keçirilən tədbirlərdən danışıb.

BDU-nun rektoru Elçin Babayev çıxışında qeyd edib ki, Dilarə Seyidzadə uzun illər Ulu öndər Heydər Əliyevin böyük idarəçilik və zəngin həyat təcrübəsinin şahidi olub.

Professor Dilarə Seyidzadə Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Ümummilli liderin həyatı daim mübarizələrdə keçib və o, bu mübarizələrin hamısında qalib gəlib. Ona görə də Ulu öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib.

Professor Dilarə Seyidzadə müəllim və tələbələrin suallarını cavablandırıb, görüşdən sonra BDU-dakı Heydər Əliyev muzeyini ziyarət edib.