Almaniya paytaxtında yerləşən “Gallery Berlin” qalereyasında “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı fotosərgi təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən tədbirdə Azərbaycan icmasının üzvləri, alman ictimaiyyətinin nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanınmasında misilsiz xidmətləri olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gerçəkləşən layihələr, Heydər Əliyev Fondunun bu sahədə fəaliyyəti Azərbaycan mədəni irsinin bütün dünyada təqdim və təbliğ olunmasına böyük töhfələr verir.