Noyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçirilib.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyanın elmi müəssisələrində Qərbi Azərbaycanla bağlı görülən işlərdən bəhs edib. Diqqətə çatdırıb ki, tədqiqatları ümumiləşdirmək və əlaqələndirmək üçün AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə əlaqələndirmə şurası yaradılıb və şuranın bir neçə iclası keçirilib.

AMEA-da alimlərin iştirakı ilə “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyünün hazırlandığını deyən İ.Həbibbəyli bununla bağlı yaradılmış işçi qrup tərəfindən ensiklopediyanın sözlüyü üzərində işlərin davam etdirildiyini bildirib. O qeyd edib ki, 2023-cü ilin sonunda “Qərbi Azərbaycan ensiklopediyası” üzərində işlərin başa çatdırılması nəzərdə tutulur.