Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Amantay Şərif Azərbaycan Aşıqlar Birliyinin (AAB) qonağı olub.
AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının iştirakı ilə keçirilən görüşdə əsasən türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan söhbət açılıb. Ayrı-ayrı türk xalqlarında müxtəlif cür (aşıq, baxşı, akın, jırav və s.) adlansa da, bu sənətin, əslində, eyni kökə bağlılığı vurğulanıb, həm tədqiqatçıların, həm də sənətkarların yaradıcılıq əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqət önünə gətirilib.
Qazaxıstanlı qonaq aşıqlardan Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və Şahniyar Mikayıloğlunun ifasında müxtəlif aşıq havalarını dinləyib, eyni zamanda həmin ifaları videolentə köçürüb.
Məhərrəm Qasımlı qonağa Azərbaycan aşıq sənətinin özünəmxsusluğu, AAB-nin tarixi və fəaliyyət istiqamətləri haqında geniş məlumat verib.
Görüşdə ədəbiyyatşünas alim, professor Nizami Tağısoy və AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu da iştirak ediblər.
Sonda qonağa AAB-nin nəşrləri və ustad aşıqların ifalarından ibarət video və audiodisklər hədiyyə olunub.