Rasim Ocaqovun 90 illiyinə həsr olunan gecə
Sözsüz ki, hər rejissorun öz yaradıcılıq üslubu, yanaşma tərzi, iş mexanizmi, sənət yolu var. Buna hərə bir cür nail olur və təbii ki, peşəkarlıq bu mənada daim ilk planda olmalıdır. Amma bir də həssas duyum, səmimiyyət və aydın təxəyyül var ki, bu da məhz istedadlı sənətkar anlayışının əsas parametrləri hesab oluna bilər.
Milli kinematoqrafiyamızda öz məktəbini, yaradıcılıq ənənəsini yaradan, belə demək mümkünsə, öz ocağını çatıb, öz komandası ilə öz film anlayışını təlqin edə bilən bir Rasim Ocaqov da var. “Var” niyə deyirəm? Çünki yaradıcılıq məhsulları onları yaşadan, izləyən və sevən tamaşaçı nəsli olduqca yaşadacaq...
Noyabrın 22-də Nizami Kino Mərkəzində görkəmli kinorejissor, operator, Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir keçirildi.
Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyası və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə kinosevərlər, kino xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
O, Azərbaycan kinosuna çoxsaylı yeniliklər gətirib: “Rasim Ocaqovun çəkdiyi filmlər sayəsində böyük bir aktyor nəsli yetişib. O, eyni zamanda kinoya Azərbaycan əyalət insanının obrazını gətirib. Rasim Ocaqovun filmoqrafiyası Azərbaycan kino mühitində öz məna tutumu, rəngarəngliyi, baxımlılığı ilə ayrıca bir səhifəyə çevrilib. Bütün filmlərində görüntü, söz və səs “trio”sunu dirijor kimi idarə-ifa edib. Dövrün ab-havasını kinoya gətirən rejissor insanların milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb”.
Ulu öndər Heydər Əliyevin Azərbaycan kinosunun inkişafına göstərdiyi diqqət və qayğıdan danışan O.Fikrətoğlu dedi ki, yubiley gecəsində təqdim ediləcək “İstintaq” filminin ərsəyə gəlməsində Ümummilli liderin böyük rolu olub.
Rejissorun filmlərində rol alan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Şəfiqə Məmmədova da sənətkarı ehtiramla yad etdi. Aktrisa Rasim Ocaqovun aktyorlarla işləmək prinsipindən danışdı, onun filmlərində, aktrisa kimi yaradıcılıq tərcümeyi-halında xüsusi yeri olan “İstintaq”da rol almasından bəhs etdi: “Xoşbəxtəm ki, artıq neçə illərdir “İstintaq” filmi Azərbaycan kinosunu da, məni də yaşadır. Elə bir sənətkarın filmlərində rol almağımla qürur duyuram, bunu özümün aktrisa səadətim hesab edirəm. Çünki o, bir rejissor və insan kimi qarşısındakı şəxsi anlayır və bütün potensialını üzə çıxarmaq üçün şərait yaradırdı. Rasim müəllim kino sənətimizdə bir ocaq yandırdı və bu ocaq heç zaman sönməyəcək”.
Əməkdar incəsənət xadimi, təsvir rejissoru Rafiq Qəmbərov unudulmaz rejissorla bağlı xatirələrini bölüşdü, onunla işləməyin həm də böyük zövq verdiyini dedi: “Onunla çalışdığım 20 ilə yaxın müddətdə 5 tammetrajlı bədii filminin operatoru olmuşam. Zəhmət, istedad, sevgi və dürüstlük onun nəinki iş, ümumiyyətlə, həyat kredosu idi. O özünü ucaldan, sübut edən bir sənətkar idi. Rasim Ocaqov üçün kinoda müşkül nə isə yox idi. Kinoya quruluşçu operator kimi gəldiyindən hər cür texniki incəliyi bilir və bu mənada vəziyyətdən çıxış yolunu anındaca tapırdı. O, kinomuza xeyli yeniliklər gətirdi və öz üslubunu isbat elədi”.
Yubiley gecəsi rejissorun yaradıcılığının şah əsəri hesab olunan “İstintaq” filminin nümayişi ilə davam etdi. Məhz bu filmin seçilməsi də təsadüfi deyildi. Çünki filmin yaradıcılıq üçbucağının digər iki tərəfi – ekran əsərinin baş rol ifaçısı Muradın – Xalq artisti mərhum Həsən Məmmədovun 85, filmin quruluşçu operatoru Rafiq Qəmbərovun isə 75 illik yubileyləridir.
Xatırladaq ki, 1979-cu ildə lentə alınan “İstintaq” filmi o dövr üçün böyük sənət uğuru olmaqla yanaşı, həm də üzərindən sakitcə keçilən mövzulara böyük ekranın pəncərəsindən baxmaq imkanı verirdi. Filmdə ölkədə baş verən ictimai-siyasi məsələlər, insanları narahat edən problemlər öz əksini tapıb. SSRİ kimi imperiyada korrupsiya və banditizmə film həsr etmək asan deyildi. Bütün çətinliklərə baxmayaraq, Rasim Ocaqov bu missiyanı öz üzərinə götürür və uğurlu bir film ərsəyə gətirir. Çünki rejissorun yaradıcılığının əsas qayəsi insan mənəviyyatı, psixologiyası, həyatdakı mövqeyini ekranda dəqiq xarakterizə etmək, müasirlərinin mənəvi keyfiyyətlərini təhlil obyektinə çevirmək idi...
Həmidə Rüstəmova