Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçiriləcək. Layihə dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar təşkil olunacaq.
Layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.
“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək. Forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə sərgi (MY EXPO 2023) də təşkil olunacaq.
Həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçiriləcək. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib. Layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə noyabr və dekabr aylarında 10 yaradıcı klaster üzrə 10 bölgədə (Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı, Şuşa) ümumilikdə 100 tədbir keçiriləcək. Tədbirlər seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlərdən ibarət olacaq.
Müzakirələr Bakıda “YARAT” Müasir İncəsənət Məkanında (27-28 noyabr), Sumqayıtda isə Heydər Əliyev Mərkəzində (29-30 noyabr) təşkil ediləcək.
Noyabrın 29-da Heydər Əliyev Mərkəzində “A-Hub” akselerasiya proqramının milli final mərhələsi keçiriləcək.
Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun dəstəyi ilə reallaşan layihə bu quruma üzv ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi ilə özəl yaradıcı sahibkarlıq subyektlərinin əlaqələndirilməsi məqsədilə reallaşdırılıb.
Bu il proqrama Bakı, Sumqayıt və Gəncədən daxil olan müraciətlər əsasında seçilən 13 komanda 6 həftəlik akselerasiya keçib.
Milli finalda qalib gələn komandalar böyük finalda iştirak etmək imkanı qazanacaqlar.
***
1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “CulTech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.
“CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq, öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.
“CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.
“GameTech” hakatonu zamanı iştirakçılar mentor dəstəyi ilə öz yaradıcı və innovativ oyun layihələrini yaratmaq və nümayiş etdirmək üçün bir araya gələcəklər. 48 saat davam edəcək hakatona oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər qatılacaq.
Dekabrın 3-də münsiflər heyəti tərəfindən qaliblər müəyyən olunacaq və mükafatlandırılacaq.
***
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə dekabrın 1-də “CINEMO” mobil film festivalının açılış mərasimi olacaq.
Festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.
***
“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 1-də gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçiriləcək.
Son illərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpiya” tammetrajlı bədii filmləri, “Sarılar – Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü” və “Qafqaza qayıdış” sənədli filmləri ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində nümayiş etdiriləcək.
***
Dekabrın 2-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyası Yumor Festivalı da keçiriləcək. Festival Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstanın (RF) yumor dünyasının nümayəndələrini bir araya gətirəcək.
***
1-3 dekabr tarixlərində “YARAT” Müasir İncəsənət Məkanında “Gəl, yarat” adlı yaradıcılıq marafonu keçiriləcək. Müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbir beş istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) üzrə reallaşacaq.
***
Dekabrın 3-də, “Yaradıcı həftə”nin sonuncu günündə Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə dünyanın ən böyük animasiya studiyası olan ABŞ-nin “Disney” studiyasının 100 illiyi münasibətilə tədbir keçiriləcək. Nizami Kino Mərkəzində reallaşacaq tədbir çərçivəsində saat 18:00-da “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub.