Bakı BMT-nin Mərkəzi Asiya üzrə proqramı – SPECA həftəsinə ev sahibliyi edir

 

Azərbaycan paytaxtı 20-24 noyabr tarixlərində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi edir. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan,  Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama ölkəmiz 2002-ci ildə qoşulub. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

SPECA həftəsi çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi təşkil edilib.

Prezident İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində sərginin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verib.

SPECA-nın yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan sərgi 4 min kvadratmetrlik sahəni əhatə edir. Stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələri və özəl şirkətlərin məhsullarının nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyər” instalyasiyasının üzərindəki ağ örtüyü götürməklə sərginin rəsmi açılışını edib. İnstalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir.

Milli stendimizin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Dövlətimizin başçısı stendlə tanış olub. Milli stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ silah, sursat və texnika barədə məlumat verib.

Sərginin iqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv tərəqqi modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Qeyd olunur ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb, dövlət büdcəsinin gəlirləri 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib. Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur.

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqamətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Diqqətə çatdırılır ki, 2002-2023-cü illərdə ölkədə 4 mindən çox sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1,6 milyard dollar olduğu halda, 2022-ci ildə bu rəqəm 10,4 milyard dollara çatıb.

Sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyanın, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. Qeyd olunur ki, 2021-2023-cü illərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb.

Ümummilli lider Heydər Əliyevə həsr edilən xüsusi stend də sərgidə nümayiş olunur. Burada müxtəlif kitablar, markalar təqdim edilir. “AzerGold” QSC tərəfindən Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanan qızıl sikkə də nümayiş olunur.

Sərgidə İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “triptix” – üçlü xalça kompozisiyası, həmçinin “44” xalça kolleksiyası nümayiş olunur. Kolleksiya “Qasımuşağı” adlı Qarabağ xalçasının nadir kompozisiyası əsasında məhdud sayda – 44 ədəd toxunub.

Dövlətimizin başçısı SPECA-nın digər üzv dövlətlərinin – Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın stendləri ilə də tanış olub.

Qeyd edək ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq edir. Eyni zamanda, bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını labüd edir. Bu baxımdan SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

SPECA həftəsi çərçivəsində 21-22 noyabr tarixlərində iqtisadi forum, 23 noyabrda SPECA Rəhbər Şurasının 18-ci sessiyası keçirilib. Noyabrın 24-də isə Bakıda üzv dövlətlərin başçılarının iştirakı ilə SPECA Sammiti keçiriləcək.