Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və konqres işə başlayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresin iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Tədbir iştirakçıları Heydər Əliyev Muzeyi ilə də tanış olublar.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrında “Qərbi Azərbaycana qayıdış” festivalı və “Qərbi Azərbaycana qayıdışa gedən yol” konqresinin açılış tədbiri keçirilib.

Mərasimdə Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiya və videoçarx nümayiş etdirilib.

Festival-konqresin açılışı münasibətilə tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikası Prezidentinin muxtar respublikadakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edib. Bunun ən mühüm səbəblərindən biri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın otuzillik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi oldu. 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində təmin olunması ilə nəticələndi. Tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi və inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası və Qərbi Azərbaycana qayıdışdır.

Vurğulanıb ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin keçirilməsinə başlanılıb, bu məqsədlə konsepsiya qəbul olunub. “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də bu tədbirlərin tərkib hissəsidir. Qərbi Azərbaycana qayıdış konsepsiyası üç prinsipə - tarixi faktlara, beynəlxalq hüquqa və sülhə əsaslanır.

Fuad Nəcəfli çıxışını Prezident İlham Əliyevin “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar” fikirləri ilə tamamlayıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-23-cü illərdə 36, 1924-cü ildə 62, 1929-30-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 Azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 Azərbaycandilli məktəb fəaliyyət göstərib. Vurğulanıb ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Nazir ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin vacib olduğunu bildirib. Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi əsərlərin yaradılması zərurətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Qərbi Azərbaycanla bağlı ədəbi-mədəni dəyərlər, folklor nümunələri, toponimika məlumatları və o yurd yerlərindəki tarixi-mədəni abidələr barədə məlumatların tədqiq olunması ziyalıların, elm adamlarının qarşısında duran mühüm vəzifələrdir.

Qərbi Azərbaycan İcması idarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli xatırladıb ki, 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya zamanı Qərbi Azərbaycandakı 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşamış, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edib. Bütövlükdə 300-ə yaxın yaşayış məntəqəsində azərbaycanlı soydaşlarımız yaşayıbar. Qərbi Azərbaycandakı soydaşlarımız sonuncu nəfərinə qədər ata-baba yurdlarından qovulublar. Bu prosesdə 200-dən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatlara səslənərək Azərbaycana qarşı ədalətli mövqe göstərməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırıb.

Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, ADPU-nun prorektoru professor Mahirə Hüseynova vurğulayıb ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür. Alim qeyd edib ki, yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir. Çünki Azərbaycan xalqı yaşayır və öz tarixinə sahib çıxır.

Tədbir bədii hissə ilə davam edib.

***

Noyabrın 23-də festival-konqres çərçivəsində “Araz” Dövlət Qəbul Evində Qərbi Azərbaycan kulinariyasının təqdimatı olub. Naxçıvan Dövlət Universitetinin tələbələri Qərbi Azərbaycan ənənələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

Sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında öz işini davam etdirən festival-konqresdə Qərbi Azərbaycana həsr edilən sərgiyə baxış olub. Sərgidə bu əzəli yurd yerimizə aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri nümayiş etdirilib.

Festival-konqres noyabrın 24-də işini davam etdirəcək.