Müəllifin özünün yubileyi münasibətilə biblioqrafik nəşr də işıq üzü görüb

 

Azərbaycan Milli Kitabxanasında ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət Quliyevin “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” və Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “Vilayət Quliyev. Biblioqrafiya” kitablarının təqdimatı olub.

Kitabxanadan bildirilib ki, tədbirdə direktor Kərim Tahirov Vilayət Quliyevin Azərbaycanın istiqlal mübarizə tarixində müstəsna rol oynayan görkəmli şəxsiyyətləri haqqında arxiv materialları əsasında yazdığı kitablardan bəhs edib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Vilayət Quliyevin Vətənə olan xidmətlərindən söz açıb, onun elmi fəaliyyətini yüksək qiymətləndirib. F.Cəfərov alimin yaradıcılığında ədəbiyyatla yanaşı, siyasi mövzuda yazılan kitabların, xüsusən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı əsərlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Asif Rüstəmli, “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı və başqaları çıxış ediblər.

Çıxış edənlər Vilayət Quliyevin Cümhuriyyət tariximizlə bağlı yazdığı əsərlərin üslubundan danışıb, onun kitablarının siyasi memuar janrının dəyərli nümunələrindən biri olduğunu qeyd edib, “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” kitabının önəmini vurğulayıblar.

Çıxışlarda Vilayət Quliyevin geniş yaradıcılıq fəaliyyətini əks etdirən biblioqrafiyadan da bəhs edilib.

Xatırladaq ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı biblioqrafiya diplomat, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilib. Biblioqrafiyada 1969-2022-ci illəri əhatə edir.

Sonda Vilayət Quliyev biblioqrafik nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.