Başa çatmaqda olan payızın ən parlaq hadisələrindən biri "Bakı payızı–2023 - 35 il sonra" istedadlar müsabiqəsi oldu. Layihə gənc ifaçılar arasında böyük əks-səda doğurub. Ümumilikdə, dünyanın müxtəlif yerlərindən 500-ə yaxın iddiaçı müsabiqədə iştirak etmək istəyini ifadə edib. Yekun qala tədbiri Heydər Əliyev Sarayında uğurla keçirilib və böyük izləyici auditoriyası toplayıb.
Layihə “Best Cast Talent Agency”, “Golden Arts Entertainment”, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Tədbirin müəllifi və rejissoru əfsanəvi "Karvan" qrupunun yaradıcısı Sevinc Kərimovadır, təşkilatçılığı isə Səbinə Həsənova həyata keçirib.
Müsabiqədə "vokal", "xoreoqrafiya", "orijinal janr", "musiqi qrupları" və "bəstəkarlar" adlı beş nominasiya təqdim edilib. Münsiflər heyətinin üzvləri arasında bəstəkar və prodüser İsa Məlikov, Xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, Əməkdar artist Almaz Ələsgərova, məşhur müğənni İlqar Xəyal, bəstəkar və pianoçu Emil Əfrasiyab, müğənni, bəstəkar, musiqi prodüseri, şoumen Murad Arif, teleaparıcı Könül Arif, məşhur sirk artisti, Beynəlxalq Sirk Sənəti Festivalının ən ali mükafatlarının laureatı Allahverdi İsrafilov və başqaları var idi.
Layihənin müəllifi və rejissoru Sevinc Kərimova sevimli şəhərimizin bu əfsanəvi tədbirinin yenidən canlandırılması ideyasının necə yaranması ilə bağlı danışıb.
"2022-ci ildə "Karvan" qrupunun Bakıda keçirdiyimiz konsertindən sonra insanlar bizdən "Bakı payızı" müsabiqəsinin yenidən bərpa edilməsini xahiş etməyə başladılar. Mən Mədəniyyət Nazirliyinə müraciət etdim və onlar bu fikri dəstəklədilər. 35 il ərzində ölkəmizdə müsabiqədə iştirak etmək istəyən çox sayda gənc ifaçı yetişib. Müsabiqəni elan edəndə təxminən 500-ə yaxın iştirak ərizəsi aldıq. Bundan başqa, təkcə Azərbaycan vətəndaşları yox, xaricdə yaşayan soydaşlarımız da müsabiqədə iştirak üçün müraciət etmişdilər. İddiaçılar sırasına Türkiyə, Rusiya, Ukrayna, Qətər, İspaniya, Almaniya kimi ölkələr də qoşuldu. Diasporla İş üzrə Dövlət Komitəsi bizə bu işdə kömək etdi. Bu tədbir milli mədəniyyətimiz üçün böyük bayrama çevrildi. Bu cür layihələr böyük əhəmiyyətə malikdir, çünki gənclərimiz həvəsləndirilməyə, bir araya gətirilməyə, istiqamətləndirilməyə ehtiyac duyurlar. Bu cür tədbirlər istənilən janrda, o cümlədən estrada janrında incəsənətimizin inkişafına təqdirəlayiq təkan verir", – deyə Sevinc Kərimova bildirib.
Layihənin təşkilatçısı Səbinə Həsənova isə, öz növbəsində, tədbirə hazırlıq işləri haqqında söz açıb.
“Hazırlıq işlərinə ötən ilin oktyabr ayından başlamışıq. İşi hansı istiqamətdə aparacağımız, necə işləyəcəyimiz, neçə nominasiya təqdim edəcəyimizlə bağlı plan işləyib hazırladıq. Məsələn, bəstəkarlar üçün nominasiya əlavə etmək qərarına gəldik, 1988-ci ildə bu nominasiya mövcud deyildi. Vokalçılar və musiqi qrupları tərəfindən axın həddindən artıq çox idi. Daha münasib olan iştirakçıları birinci turda iştirak üçün seçdik. Biz iştirakçılarla məşğul olurduq, – Sevinc xanım onların hər biri ilə ayrıca iş aparırdı, – onların repertuarını tərtib edirdik, köməklik göstərirdik. Eyni zamanda, gənclərə özlərinin mahnı seçmələri üçün imkan yaratmışdıq” – S.Həsənova qeyd edib.
Təşkilatçıların sözlərinə görə, onların vəzifəsi bu ənənəni dirçəltmək idi. Amma təkcə bu yox...
“Bu müsabiqə franşiza deyil. Onun öz tarixi, öz kökləri var. 1988-ci ilin “Bakı payızı” müsabiqəsinin qalibləri hazırda estrada ulduzlarıdır. Bu müsabiqədən sonra əfsanəvi “Karvan” qrupu yaradıldı. Digər vacib məqsədimiz istedadlı gənclərimizi bir araya gətirməkdən, onların bir ailə kimi bir-birinə kömək etməsinə və dəstək olmasına, təkan verməsinə nail olmaq idi. Biz buna nail ola bildik” – S.Həsənova əlavə edib.
Lakin layihənin missiyası bununla başa çatmır. Əksinə, bu işdə ən vacib mərhələ müsabiqə başa çatandan sonra başlayır.
“Məqsədimiz təkcə qalibləri müəyyən etməkdən ibarət deyil, həm də bütün gənclərə kömək göstərmək, onların musiqi sənətində, estrada janrında düzgün yetişə bilmələri üçün incəsənət, musiqi ilə bağlı zövqlərini formalaşdırmaqdan ibarətdir. Bəli, müsabiqəmizdə birinci, ikinci və üçüncü yerlər var idi, ancaq biz qala-konsertdə bütün vokalçıların iştirak edə bilməsinə imkan yaratdıq. Bəstəkarlıq janrında iştirak edən və ilk üç yeri tutan qaliblər öz bəstələdikləri mahnıları ifa etmələri üçün müsabiqədəki vokalçılara təqdim etdilər. Rəqs janrlarının qaliblərini musiqi qrupları ilə birləşdirdik, daha doğrusu, artistlərin bir-biri ilə qarşılıqlı ünsiyyət yarada biləcəyi maraqlı sintezin yaradılmasına nail olduq. Nəticə etibarilə, çox maraqlı konsert tədbiri alındı” – layihənin təşkilatçısı vurğulayıb.
Hazırda "Bakı payızı - 2023" müsabiqəsinin təşkilatçıları gələcəkdə də Azərbaycanın istedadlı gənclərinin tanıdılması üzərində iş aparmağı planlaşdırırlar.
S.Həsənova deyib: “Biz Azərbaycanın gənc istedadlarının gələcəkdə ölkəmizi təmsil edəcəkləri beynəlxalq arenaya çıxmalarına köməklik göstərmək istəyirik. Hazırda biz İtaliya səfirliyi ilə sıx əməkdaşlıq edirik və istedadlı gənclərimizi, məsələn, San-Remoya göndərmək istəyirik. Onların repertuarı üzərində iş aparırıq. Mikayıl Vəkilov onlara qala-konsertdə ifa etmək üçün çoxlu sayda mahnı hədiyyə edib. Biz gənc ifaçılarımızı onların öz yeni mahnıları ilə tanıtmaq, onlar üçün klip çəkmək, yeni və müasir musiqi platformalarında irəli çəkmək istəyirik”.
Xoreoqrafik nömrələrin qurulması Lenay Seyidəli-zadəyə həvalə edilmişdi.
“Mənim vəzifəm təkcə rəqqaslar üçün yox, həm də vokalçılar üçün rəqs quruluşlarının yerinə yetirilməsindən ibarət idi. Bunu həyata keçirmək mənim üçün çox maraqlı idi. Layihə üçün mahnıların bir çoxu bəstəkar Mikayıl Vəkilov tərəfindən yazılmışdı. Bu musiqilərdə o qədər məna, sehr, melodiya var idi ki, onları dinləyəndə beynimdə bu mahnılara necə quruluş verəcəyim dərhal gözlərimin önündə canlanırdı”, – deyə xoreoqraf Lenay Seyidəli-zadə layihədəki işindən söz açıb.
Xoreoqrafın sözlərinə görə, paralel olaraq rəqqaslarla da genişmiqyaslı iş aparılırdı. Layihədə “Gülüstan” rəqs ansamblı da iştirak edirdi, ansamblın artistləri demək olar ki, hər musiqi nömrəsində səhnəyə çıxırdılar.
“Rəqs istənilən tədbirin bəzəyidir. Xüsusilə, əgər söhbət tamaşaçının parlaq və hərəkətli səhnə görməyi arzuladığı böyük konsertlərdən gedirsə... İfaçıların əsasən müğənnilərdən və musiqiçilərdən ibarət olduğu tədbirlərdə proqrama mütləq səhnəyə rəngarənglik gətirən rəqs nömrələri əlavə etmək lazımdır. Əgər vokalçı özü də musiqinin sədaları altında rəqs edirsə, bu, lap əladır. Əlbəttə, bütün bunların hamısı əlavə hazırlıq tələb edir – hər müğənni ifa etdiyi mahnıya paralel olaraq rəqs etməyi bacarmır. Bu, çətin işdir. “Bakı payızı” müsabiqəsində elə musiqi nömrələri var idi ki, vokalçılar rəqqaslarla birgə rəqs edirdilər, nəticə də sadəcə olaraq, möhtəşəm idi. Tamaşaçılar belə çıxışları xüsusi coşqu ilə qarşılayırdılar” – L.Seyidəli-zadə əlavə edib.
“Bakı payızı–2024” müsabiqəsinin keçirilməsinə gəldikdə isə, təşkilatçılar artıq çox güman ki, gələcəklə bağlı planlar barədə düşünürlər. “Bizə hələ də müraciətlər olunur, onlar təkcə iştirakla bağlı deyil, könüllü olmaq istəyənlər də var. Yazanların sayı çoxdur, bizimlə əməkdaşlıq etmək istəyirlər. Müsabiqənin ictimaiyyət arasında, xalq arasında belə böyük marağa səbəb olması həqiqətən sevindirici haldır”, – deyə layihənin təşkilatçısı S. Həsənova vurğulayıb.