Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən elan edilən “Zəfərin rəngi” rəsm müsabiqəsinə yekun vurulub. Oktyabr ayında başlanan sənət yarışması Zəfər Gününə həsr edilmişdi. 24-25 noyabr tarixlərində Muzey Mərkəzində “Zəfərin rəngi” müsabiqəsinin yekun sərgisi keçirildi.
Sərginin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirildi, şəhid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli müsabiqə haqqında məlumat verdi. Qeyd etdi ki, müsabiqənin əsas məqsədi yaradıcı gəncləri üzə çıxarmaq, onları ictimaiyyətə yaxından tanıtmaqdır.
Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətini yüksək qiymətləndirdi, bu vəsilə ilə peşəkar və həvəskar rəssamların bir araya gəlməsinin təqdirəlayiq olduğunu dedi: “Ulu öndər hər zaman rəssamlara xüsusi diqqət və qayğı göstərirdi. Onun özünün çəkdiyi rəsmlər hazırda Naxçıvanda dahi şəxsiyyətin adını daşıyan muzeydə qorunur. Bu gün təqdim olunan əsərlər həm də gələcək nəsillər üçün bir sənət səhifəsidir”.
Sonra 80 yaşını qeyd edən və bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülən Xalq rəssamı Arif Hüseynova ictimai birliyin təbrik məktubu oxundu.
Arif Hüseynov sərgidə iştirak edən hər bir müəllifin mövzuya fərqli yanaşmasından söz açdı. Bildirdi ki, bu yanaşmaların fərqliliyi həm də rəssamlıq məktəbimizin zənginliyinin göstəricisidir.
Daha sonra rəsm müsabiqəsinin qalibi olan 13 müəllifə müxtəlif kateqoriyalar üzrə diplom və mükafatlar təqdim edildi.
Sonda qonaqlar sərgi ilə tanış oldular. Sərgidə 70-ə yaxın əsər yer almışdı.
Lalə Azəri