Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasında nəzdində fəaliyyət göstərən “Voice of books” (Kitabların səsi) adlı qiraət klubunun növbəti görüşü keçirilib. Görüşdə XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən, yəhidi əsilli yazıçı Franz Kafkanın “Çevrilmə” (Metamorfoz) və fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şəhzadə” adlı əsərləri təhlil və müzakirə olunub.

Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədova və klubun rəhbəri Emiliya Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən klubun üzvləri bu dəfəki görüşə üzərində qiraət klubunun adı və loqosu olan xüsusi geyim ilə qatılıblar. 

Tələbələr öncə Franz Kafka və Antuan de Sent-Ekzüperinin həyat və yaradıcılığı barədə həm ingilis, həm də Azərbaycan dilində məlumat verib, ardınca isə qeyd olunan əsərləri hər iki dildə təhlil ediliblər.

Sonda növbəti görüşdə müzakirə olunacaq əsərlər seçilib və bu istiqamətdə üzvlərə yerinə yetirəcəkləri tapşırıqlar verilib.

Qeyd edək ki, qiraət klubunda mütəmadi olaraq Azərbaycanın və dünyanın məşhur yazıçılarının yaradıcılıqları və əsərləri həm Azərbaycan, həm də ingilis dilində təhlil olunur. Beləliklə tələbələr tədris ilinin sonunda çoxlu sayda ədəbiyyat nümunələri ilə tanış olmaq imkanı əldə edirlər.