Rostropoviçilərin ev-muzeyində Benjamin Brittenin əsərləri səslənib

 

Bəstəkar Edvard Benjamin Brittenin 110 illik yubileyi münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Benjamin Britten-110” adlı klassik musiqi gecəsi keçirilib.

Muzeydən bildirilib ki, tədbirdə Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının, G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin və 23 nömrəli musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış edərək B.Britten, D.Şostakoviç, A.Modsart, F.Şopen, N.Paqanini, S.Prokofyev, K.Qlyukun repertuarından ibarət əsərlər ifa ediblər.

İki dahi musiqiçi B.Brittenlə Mstislav Rostropoviçin dostluq və yaradıcılıq əlaqələrinə həsr olunmuş slayd-şou nümayiş olunub.

Tədbirdə qonaq qismində muzey əməkdaşları, musiqi ictimaiyyətinin nümayəndələri və 189-190 saylı məktəbin şagirdləri iştirak edib. Sonda konsert proqramı ilə çıxış edən şagirdlər muzey tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb.

Qeyd edək ki, dünyaşöhrətli ingilis bəstəkarı, dirijor və pianoçu Edvard Benjamin Brittenin bu il 110 illik yubileyi qeyd olunur. Yaradıcılığı ilə İngiltərə operasının canlanmasına, yenidən dünya musiqi arenasına qayıtmasına səbəb olan musiqiçinin yaradıcılığında xüsusi yeri ona dünyaşöhrəti gətirən “Hərbi rekviem” operası tutur. Bu opera üçün bəstəkar üç nominasiyada Qremmi mükafatına, digər yaradıcı fəaliyyətinə görə isə müxtəlif vaxtlarda UNESCO, Ernest Simon mükafatına layiq görülüb. B.Britten Oldboro musiqi festivalının əsasını qoyub.

B.Brittenlə Mstislav Rostropoviçin dostluq və yaradıcılıq əlaqələrini musiqi tarixində böyük əhəmiyyət kəsb etdiyi üçün xüsusi qeyd etmək lazımdır. İki musiqiçinin ilk tanışlığı Londonda dahi rus bəstəkarı D.Şostakoviçə həsr olunmuş musiqi gecəsində M.Rostropoviç tərəfindən bəstəkarın violonçel üçün I konsertini ifa edən zaman olub. Onun ifasını ilk dəfə dinləyən B.Britten bütünlüklə bu insanın şəxsiyyətinə, dahiliyinə heyran olub. Dahi ifaçı M.Rostropoviç bu illəri belə xatırlayır: “Londonda keçirilən konsertdən sonra B.Britten səhnə arxasında mənə yaxınlaşdı və dedi: “Mən sizinlə gələcək haqqında ciddi danışmaq istəyirəm”. Sonra mehmanxanaya mənim yanıma gəlib violonçel üçün sonata yazmaq istədiyini bildirdi. İlk ifasını da Oldboro festivalında səsləndirməyimi xahiş etdi. Mən də ona söz verdim”. B.Britten Violonçel üçün Sonatasının məhz M.Rostropoviç tərəfindən Oldboro festivalında ifa olunmasını istəyib və əsərin premyerası Oldboro festivalında olub. Bundan başqa B.Britten Violonçel üçün sonatasını (Cello Sonata), Solo süitalarını ( Solo Suits) və Violonçel üçün Simfoniyasını (Cello Symphony) M.Rostropoviçə həsr edib. B.Britten bir dəfə M.Rostropoviç ilə dostluğu barədə belə deyir: “Mən daha çox ruhən özümü yaxın hiss etdiyim insanlar üçün əsərlər yazmağa üstünlük verirəm”.