Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dünyaşöhrətli bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert və sərgi keçirilib.
Akademiyadan bildirilib ki, tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aytən İbrahimova görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığından bəhs edib, onunla bağlı xoş xatirələrini bölüşüb.
Təntənəli konsert gecəsində BMA-nın “İxtisas fortepiano” kafedrasının baş müəllimi Zərif Kərimova (piano) və istedadlı musiqiçilər Nərgiz Əliyeva (fleyta), Ülviyyə Kazımova (piano), Renata Abubəkirovanın (violin) parlaq ifalarının fonunda qiraətçi Hüseynağa Aslanov tərəfindən Nazim Hikmətin şeirləri oxunub.
Konsert proqramında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən violin üçün monoloq, “Rəqs”, “Noktürn”, “İki qəlbin dastanı” baletindən “Komdenin arzuları”, fleyta və orkestr üçün “Konsertino”, fortepiano pyesləri - Üç vals, “Zarafat”, “Noktürn”, “Təzadlar”, “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi” əsərləri dinləyicilərə təqdim olunub.
Sərgidə isə rəssamlar - Könül Hüseynzadə, Şəfiqə Yusupova, Turan Ataşova, Kristina Sultanovanın rəngarəng rəsm əsərləri nümayiş etdirilib. Təqdim olunan rəsm əsərlərinin bir qismi Arif Məlikovun yaradıcılığına, bəstələdiyi əsərlərə həsr olunub.
Rəssam Şəfiqə Yusupova sərgidə, həmçinin görkəmli bəstəkarın portreti olan “Ümidli baxışlar” adlı əsərini təqdim edib.
Xatırladaq ki, dünyaşöhrətli bəstəkar Arif Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat edib.