Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-sərgi kompleksində uşaq və yeniyetmələr arasında “Zəfər” I respublika yaradıcılıq festivalı keçirilib.
25-27 noyabr tarixlərində festivalda rəsm studiyalarında təhsil alan uşaq və yeniyetmələrin şanlı Zəfərimizə və azad olunmuş ərazilərin bərpasına və dirçəlişinə həsr olunmuş əl işləri təqdim olunub.
Festivala qatılan studiyalar adından çıxış edən rəssam Esmeralda Tağızadə bildirib ki, layihə eyni zamanda uşaq və yeniyetmələrin Vətəni tərənnüm edən əsərlərinin təbliği üçün bir vasitədir.
Sərgidə ümumilikdə 5-16 yaş arası 130 iştirakçının 150-yə yaxın işi təqdim edilib.
Festival çərçivəsində “Kətan, Vətən” sənədli filmi nümayiş olunub. Film Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları olmuş dörd rəssam – Tərlan Eyvazov, İntiqam Ağayev, Cavidan Rəhmətov, Fərid Məmmədov haqqındadır.
İkinci Qarabağ müharibəsinin iştirakçısı, rəssam Cavidan Rəhmətov uşaqlara heykəltaraşlıq üzrə ustad dərsi keçib. Festival günlərində dekorativ-tətbiqi sənət, poster və “face-art” üzrə də ustad dərsləri təşkil edilib.