Azərbaycan kinosunda bənzərsiz səsi, aydın diksiyası və fərdi yaradıcılıq üslubu ilə ekran obrazlarına əbədiyaşarlıq gətirən sənətkarlarımızdan biri də tanınmış aktyor, bədii qiraət ustası, Əməkdar artist Müxlis Cənizadədir. Teatr və kino rolları ilə yanaşı, dublyaj sahəsində də uğurla fəaliyyət göstərmiş sənətkarı anadan olmasının 95-ci ildönümü ilə bağlı yada saldıq.
Müxlis Sabir oğlu Cənizadə 26 noyabr 1928-ci ildə Bakıda dünyaya göz açıb. Erkən çağlardan musiqiyə, teatra maraq göstərib. Orta məktəbi başa vurduqdan sonra (1950) Azərbaycan Dövlət Teatr Texnikumuna qəbul olunur. Burada görkəmli sənətkarlar Kazım Ziya və Sidqi Ruhulladan sənətin sirlərini öyrənir. Təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) əmək fəaliyyətinə başlayır. İstedadı ilə qısa müddətdə kollektivin və tamaşaçıların diqqətini çəkir. 1953-cü ildə Akademik Dram Teatrına dəvət olunur. Maraqlı oyunu ilə bərabər, yaraşıqlı görkəmi, aydın diksiyası rol aldığı tamaşalara əlavə canlılıq gətirir.
Müxlis Cənizadə səhnə fəaliyyəti ilə yanaşı, gənc yaşlarından bədii qiraət ustası kimi də tanınıb. 1961-ci ildə Dövlət Teatr İnstitutunda (indiki ADMİU) pedaqoji fəaliyyət göstərib.
Aktyor həmçinin xarici filmlərin dublyaj olunmasında yaxından iştirak edib, bu sənətin kinonun ayrılmaz hissəsi olduğunu göstərib. Elə buna görə də müasirləri tərəfindən dublyaj ustası adlandırılıb. Bənzərsiz səsi ilə personajın çıxışlarının təfərrüatını təsirli şəkildə göstərə bilib. Ekranda bir çox ciddi xarakterli rollarla bərabər, komik obrazları da məharətlə səsləndirib. Filmlərdə səsləndirdiyi prokuror (“Xatirələr sahili”), Çingizov (“İstintaq davam edir”), Əli müəllim (“Sehrli xalat”), Murad (“Torpaq. Dəniz. Od. Səma”) və digər obrazları daha təsirli və inandırıcı olub.
Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Əlisəttar Atakişiyev, Rza Təhmasib, Hüseyn Seyidzadə və başqaları böyük maraqla onu çəkilişə dəvət ediblər. H.Seyidzadə lentə aldığı üç filmdə M.Cənizadəyə rol verib. Rejissor onun bədii qiraət ustası kimi məharətini “O olmasın, bu olsun” filmində çox qabarıq şəkildə təqdim edir. Aktyor filmdə M.Ə.Sabirin şeirini xüsusi bir intonasiya ilə deyərək gənclərin düşdüyü vəziyyətin bədii mənzərəsini yaradır. Eyni zamanda hadisələrin realist inkişaf istiqamətini göstərir.
Aktyor “O olmasın, bu olsun”, “Dəli Kür” və “Yenilməz batalyon” filmlərində canlandırdığı Sərvərin dostu, Kipiani və Nəriman Tağıyev obrazları dünyagörüşü, davranışı və mədəniyyəti ilə diqqətçəkən xarakterik personajlardır.
M.Cənizadə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan 20-dək filmdə rol alıb. “Bakının işıqları”, “Bəxtiyar”, “Ən vacib müsahibə”, “Əsl dost”, “Onu bağışlamaq olarmı?” filmlərində yaratdığı Qara, Kərim, Ənvər müəllim, Əsəd, baş leytenant İbrahimov və başqa obrazlarda onun hamıya tanış olan şəxsi keyfiyyətləri aydın görünür. Çəkildiyi obrazlarda fərdi insani keyfiyyətləri tamaşaçıya daima müsbət enerji bəxş edir.
Aktyor çəkildiyi əvvəlki ekran əsərlərindən fərqli olaraq, “İyirmialtılar” filmində qoçu obrazını da böyük məharətlə yaradıb. Onun baxışları, aqressiv davranışı və fərqli yaradıcılıq üslubu tamaşaçıda narahatlıq yaradır...
Yaradıcılığı yüksək qiymətləndirilən sənətkar 1960-cı ildə “Əməkdar artist” adına layiq görülüb.
Mənəvi gözəlliyini rollarında təlqin edən görkəmli aktyor, səsinin möhtəşəmliyi və təravəti ilə unudulmayan qiraət ustası Müxlis Cənizadə 10 dekabr 1972-ci ildə, 44 yaşında dünyasını dəyişib. 44 yaş bir aktyor üçün yaradıcılıq həyatının ən qaynar, məhsuldar çağıdır. Bu vaxtsız gediş olmasaydı, aktyorun istedadı neçə-neçə ekran əsərində parlayacaq, tamaşaçıların zövqünü oxşayacaqdı...
S.Fərəcov