“Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi noyabrın 27-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunub.
Komitənin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, nəzərdə tutulan dəyişikliklər Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üzrə həmin rayonlarda ərazilərin planlaşdırılması və istifadəsini, bu ərazilərdə məskunlaşacaq əhalinin dövlət idarəçiliyinə əlçatanlığını daha səmərəli təşkil etmək məqsədi daşıyır.
Layihəyə əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli, Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilir. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Yuxarı Veysəlli və Ağbaşlı, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Yuxarı Məzrə və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Alıcan kəndlərinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə verilməsi nəzərdə tutulur. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Divanalılar kəndinin 139 hektar ərazisi Xocavənd rayonunun inzibati ərazisinə verilir.
Bundan əlavə, Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 hektar torpaq sahəsinin Ağdam rayonunun inzibati ərazisinə, Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 hektar torpaq sahəsinin isə Qubadlı rayonunun inzibati ərazisinə verilməsi nəzərdə tutulur.
Qanun layihəsi komitə tərəfindən bəyənilərək parlamentin plenar iclasına baxılmaq üçün tövsiyə edilib.