ADA Universiteti italiyalı mütəxəssislərlə birgə Şəkidə Dizayn və memarlıq fakültəsi açır

 

Noyabrın 27-də ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.

Tədbirdə rəsmilər, dövlət, özəl və akademik qurumların təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və Milan Politexnik Universitetinin heyəti iştirak edib.

Mərasim görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanımın Şəkidə çalışdığı keçmiş uşaq evində – Zülfüqarovların malikanəsində keçirilib. Məsləkcə müəllim olan Badisəba xanım yüzlərlə kimsəsiz uşağın tərbiyəsində göstərdiyi xidmətlərə görə Şəkidə “Badisəba ana” adı ilə tanınıb.

Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq iştirakçıları salamlayıb.

ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd və Milan Politexnik Universitetinin professoru Silviya Ferraris ADA Universitetinin regionallaşma strategiyası və yeni Dizayn və memarlıq fakültəsinin gələcək planları haqqında təqdimatla çıxış ediblər.

Sonra ADA Universitetinin rektoru Hafiz Paşayev, elm və təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə panel müzakirəsi olub. Paneldə Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da iştirak ediblər.

Rektor Hafiz Paşayev bildirib: “Bu, bizim üçün əlamətdar gündür. Bu gün təkcə yeni fakültənin açılışı ilə bağlı deyil, bu gün həm də icma quruculuğuna göstərdiyimiz xidmətlə bağlı gündür. Bu gün irs, memarlıq və təhsildən ibarət trionun simfoniyasından bəhs edir. ADA Universiteti vaxtilə kampusunu Bakı şəhərində Azərbaycan irsi və mədəniyyətindən ilhamlanaraq tikib. Beynəlxalq əməkdaşlıq əsasında qurulan bu yeni fakültənin Şəkidə, tarixi Zülfüqarovların malikanəsində istifadəyə verilməsi ilə biz irsin dirçəldilməsi istiqamətində yeni bir səhifə açırıq. Bu, bizim ölkəyə göstərdiyimiz xidmətin təcəssümüdür”.

Qeyd olunub ki, fakültənin açılması beynəlxalq əməkdaşlığın və Milan Politexnik Universiteti tərəfindən aparılan ətraflı ilkin araşdırmanın nəticəsidir. Fakültənin akademik proqramları şəhər quruculuğunun icma quruculuğu ilə bərabər səviyyədə olan əhəmiyyətini ön planda tutaraq ölkədə memarlıq, şəhərsalma və dizayn sahəsinə yeni baxış gətirəcək. Fakültənin akademik portfelinə memarlıq, şəhərsalma, o cümlədən interyer dizaynı, kommunikasiya dizaynı, məhsul dizaynı və landşaft dizaynı sahələrində bakalavr, magistr və sertifikat proqramları daxildir.

Bildirilib ki, bu fakültənin regionda fəaliyyətə başlaması həm də Qazax-Şəki-Gəncə trayektoriyasını özündə əks etdirən ADA Universitetinin regionlaşma strategiyasının tərkib hissəsidir. İtaliya memarlığının konservasiyası və modernləşdirilməsi sahəsində geniş təcrübəsindən bəhrələnən və ADA Universitetinin tarixi binaları bərpa etmək və onları təhsil institutuna çevirmək missiyasını özündə birləşdirən fakültə təhsil sahəsində miras dirçəlişinin çırağı və beynəlxalq əməkdaşlığın simvolu olacaq.

“Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım məhz bu binada yetim uşaqlara yiyəlik edib, müəllim, direktor olub. Ona görə dedik ki, bizim İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Arxitektura, memarlıq və dizayn fakültəsinin bir hissəsini burada yaradaq. Abidələrin bərpası sahəsində yeni mütəxəssislər yetişdirək. Ona görə də biz buradayıq. Şəkinin tarixi memarlıq üslubunu unutmaq olmaz, bu üslub gərək yaşasın” – ADA Universitetinin rektoru Hafiz Paşayev bu sözləri jurnalistlərə açıqlamasında deyib.

“Bildiyimə görə, ADA Universiteti, eyni zamanda Şəkidə özünün kampusunu inşa edəcək. Burada bir neçə ixtisas üzrə memarların, bərpaçıların hazırlanması kimi analoji proqramlar üzrə tədris prosesi həyata keçiriləcək. Bu proqramların reallaşmasında biz də öz iştirakımızı təmin edəcəyik” – bunu isə Milan Politexnik Universitetinin professoru Silviya Ferraris jurnalistlərə müsahibəsində söyləyib.