Noyabrın 28-də Kiyevdə Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markası dəstinin təqdimatı keçirilib.
Tədbirdə Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk, deputatlar, ictimaiyyət və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, poçt markası Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluq münasibətləri yaradan Heydər Əliyevin xatirəsinə ehtiramın nümunəsidir.
Olena Kondratyuk diqqətə çatdırıb ki, Heydər Əliyev iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafındakı xidmətlərinə görə 1997-ci ildə Ukraynanın ali mükafatı – “Yaroslav Mudrı” ordeni ilə təltif edilib.
“Ukrpoçta”nın Kiyev şəhər departamentinin rəhbəri Olesa Kopçuk poçt markası dəsti haqqında məlumat verib.
Tədbirdə Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib. Poçt markası dəstinin möhürlənməsi mərasimi olub.
Poçt markası dəsti “Azərpoçt” tərəfindən Azərbaycanın Ukraynadakı Səfirliyi ilə əməkdaşlıq əsasında və Ukraynanın milli poçt operatoru “Ukrpoçta” şirkətinin sifarişi ilə hazırlanıb. Dəst 2000 markadan ibarət məhdud tirajla buraxılıb.