Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə (63 nəfər) köçürülüb.
Şəhərə çatan ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Bununla da Laçın şəhərində 363 ailənin (1389 nəfər) daimi məskunlaşması təmin edilib.
Laçın rayonunun Zabux kəndi də bu ilin avqust ayından doğma sakinlərinə qucaq açır. Ötən müddətdə kənddə 121 ailənin (475 nəfər) daimi məskunlaşması təmin edilib.
Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Burada yaradılan infrastruktur kəndin simasını daha da gözəlləşdirib. Əhalinin istirahəti üçün park da salınıb.
Qeyd edək ki, Laçın rayonunun Sus kəndinin də tikintisi davam edir. Noyabrın 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sus kəndinin bir qrup sakini ilə görüşüb. Komitə sədri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, sakinlərin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir və qayıdışın səmərəli təşkili ilə bağlı müəyyənləşdirilmiş digər tədbirlər icra olunur.