Qabaqcıl texnologiyalar, süni zəka və oyun texnologiyaları

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun ikinci günü – noyabrın 29-da üç panel iclası oldu.

“Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka və oyun texnologiyaları” mövzusunda panel italiyalı mütəxəssis, “CultTech akselerator” layihəsinin nümayəndəsi Marino Pasqualenin moderatorluğu ilə gerçəkləşdi.

Paneldə çıxış edən Almaniyanın “3dots” şirkətinin təsisçisi Çağıl Özdəmir “Culttech” startaplarının texnologiya, mədəniyyət, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini qeyd etdi. Dedi ki, startaplar sayəsində yaradıcılar və istehlakçılar potensial olaraq güclənərək mədəniyyətə kütləvi giriş təmin edə, yeni iqtisadi modelləri inkişaf etdirə bilərlər. Çünki iş dünyasının harada inkişaf etdiyini anlamaq, insanların gözləntilərini qarşılamaq və yeniliklərə hər zaman açıq olmaq zəruridir.

İtaliyanın “Mae” təşkilatının həmtəsisçisi və baş marketinq direktoru Egle Trovato da “Culttech” startaplarının əhəmiyyətini vurğuladı. Dedi ki, bu, adi startaplardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir: “Biz mühit yaradırıq ki, insanlar bir yerə toplaşsın, fikirlərini və ideyalarını bölüşsünlər. Məqsəd sadəcə biznes olmamalıdır, vacib məqamlardan biri olsa belə. İlk əvvəl insanlar təşkil etmək istədikləri yeniliklər barədə fikir mübadiləsi aparmalı, yaradıcı təkliflər irəli sürməli və daha sonra addım atılmalıdır. Biz birlikdə bu sahə üzrə çağırışlara doğru getməliyik”.

İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan yaradıcı sənayenin geniş imkanlara sahib olduğunu dedi. Bildirdi ki, hazırda süni intellekt aktual mövzudur və bir sıra layihələrdə bizə kömək edir: “Lakin mən daha çox insanlarla ünsiyyətdə olmağa çalışıram. Çünki biz insanlarla süni intellekt arasında bir tarazlıq yaratmalı, insanları qiymətləndirməyi bacarmalıyıq. Hazırda olduğumuz vəziyyətdən daha qabağa getmək, biliklərimizi artırmaq, insan və texnologiyanın gücü ilə yeniliklərə doğru addım atmaq mümkündür. Bəzi yerlər var ki, süni intellekt nəticəsində insanların həyatı asanlaşır, amma digər yerlərdə hələlik bu texnologiya üçün addım atılmayıb. Biz həyatımızı asanlaşdırmaq, həmçinin daha yaxşı şəraitdə yaşamaq üçün texnologiyanın imkanlarını öyrənməli və tətbiq etməliyik”.

“Luxout” şirkətinin təsisçisi Səbinə Atayeva qeyd etdi ki, bir neçə il əvvəl əhali yerli model brendləri almaqdan çəkinirdi: “Artıq vəziyyət dəyişib. Hazırda müşahidə edirik ki, yerli brendlər əhali arasında çox populyardır. Bu, çox qürurverici haldır”.

Panelin sonunda Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova mərkəzdə təşkil olunan “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi haqqında məlumat verdi və iştirakçıları sərgini izləməyə dəvət etdi.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

L.Azəri