Dekabrın 1-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılışı olub.
Layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Tədbirin aparıcısı müasir dövrdə mobil telefonlarla geniş miqyasda filmlərin, hətta serialların çəkilməkdə olduğunu qeyd edib. Bildirib ki, son dövrlər mobil telefonların kameralarının çəkiliş keyfiyyətinin artması ilə mobil kinematoqrafiyanın inkişafı da artıb. Diqqətə çatdırılıb ki, bir il öncə belə filmlərin sayı onlarla idisə, indi minlərlədir. Bu sahədə böyük işlər görülür, festivallar təşkil olunur, müsabiqələr keçirilir. Bugünkü festival buna bariz nümunədir.
Tədbirdə bugünkü mobil kino avadanlığının əcdadları sayılan həvəskar kino kameralarından bəhs edən sənədli film nümayiş olunub.
Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Rəhimova çıxış edərək nazirlik tərəfindən noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə”sinin keçirildiyini diqqətə çatdırıb. Bu həftə çərçivəsində müxtəlif mövzulu 20-dən çox yaradıcı layihələrin təqdim olunduğunu, bunlardan birinin də “CINEMO” Mobil Film Festivalı və müsabiqəsi olduğunu vurğulayıb: “Ümumiyyətlə, mədəniyyətin dünyada təbliği üçün kino çox güclü vasitədir. Kinonun inkişafında, təbliğində müxtəlif müsabiqələrin, festivalların rolu danılmazdır. Mədəniyyət Nazirliyinin kino strategiyasına uyğun olaraq, Azərbaycan kinosunun dünyaya inteqrasiyası üçün belə müstəqil, müxtəlif müsabiqələrin və festivalların keçirilməsi prioritet istiqamətlərdən biridir. Düşünürəm ki, “CINEMO” Mobil Filmlər Festivalı yeni adların, istedadların üzə çıxmasına təkan verəcək”.
Gənclərin kinoya marağını dəstəkləyən Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov festival iştirakçılarına tövsiyələrini də çatdırıb: “Sənət adamları əslində cəmiyyətdə mənəvi rol oynayırlar. Cəmiyyətin quruculuğunda gənclərin yeni fikirləri çox vacib və dəyərlidir. Ona görə ki, incəsənət azad və gözəl sənətdir. Amma eyni zamanda çox vacibdir ki, sənət eyni zamanda cəmiyyətimiz, Vətənimiz üçün dəyərlidir. Bu gün festival iştirakçılarına belə şans verilib. Onlar da Vətənimizin gələcəyi naminə belə gözəl addımlar atmaqla cəmiyyətimizə kiçik də olsa öz töhfələrini verə bilərlər”.
O, hər kəsə bu işdə uğurlar arzulayaraq, gənclərin həm də məsuliyyətli olmasını istədiyini və festivalın artıq peşəkarların və cəmiyyətin diqqətini cəlb edən hadisə olduğunu bildirib.
“CINEMO” Mobil Film Festivalının müəllif və rəhbəri, aktyor, prodüser Ruslan Sabirli festivalın məram və məqsədindən danışıb və bu işdə onlara dəstək verənlərə təşəkkürünü bildirib. O, festivalın mövzusuna toxunaraq deyib: “Biz gəncləri bu festivala cəlb etmək istəyirik ki, onlar düzgün yolda olsunlar”.
Ruslan Sabirli, həmçinin festivalda iştirak etməyin şərtləri, onun mükafat fondu haqqında da ətraflı danışıb.
Sonda mobil telefonla çəkilmiş fransız filmi nümayiş olunub.