Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Əlamətdar gün BMT Baş Assambleyasının 1985-ci il dekabrın 17-də keçirilən iclasında təsis edilib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Son illər Azərbaycanda könüllük hərəkatı geniş vüsət alıb. Gənclərimiz bu prosesdə aktiv şəkildə iştirak edirlər.

Bu ilin əvvəlində ölkəmizdə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi yaradılıb. Birliyin üzvləri “Mədəniyyətə könül ver!” devizi ilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən çoxsaylı tədbirlərdə yaxından iştirak edir, mədəni inkişaf proseslərinə öz töhfələrini verməyə çalışırlar.

Mədəniyyət könüllülərini əlamətdar gün münasibətilə təbrik edir, cansağlığı və işlərində uğurlar arzulayırıq.