Dekabrın 4-də Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbiri keçirilib.
Saytlarda ikinci dəfə aparılan monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının sədri akademik Möhsün Nağısoylu və üzvü akademik Nizami Cəfərov, AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri dosent Fariz İmranov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, icraçı direktoru dosent Baba Məhərrəmli, şöbə müdirləri professor Sayalı Sadıqova və dosent Kifayət İmanquliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Qulu Məhərrəmli, dövlət qurumlarının rəsmiləri, ziyalılar, jurnalistlər, müxtəlif saytların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva giriş nitqində tədbirin keçirilməsində başlıca məqsədin monitorinq zamanı aşkarlanan dil qüsurlarının təqdim edilməsi, onları əmələ gətirən səbəblərin müəyyənləşdirilməsi və mövcud nöqsanların aradan qaldırılması istiqamətində müzakirələrin aparılması olduğunu bildirib. Ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Sevinc Əliyeva ölkəmizdə dil siyasətinin formalaşdırılması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində Ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.
Saytlarda ədəbi dil normalarına riayət olunması və onların təcrübədə düzgün tətbiqinin vacibliyini nəzərə çatdıran S.Əliyeva bəzi media işçilərinin dilimizin normalarının tələblərini ya yetərincə bilmədiklərini, ya da bu işə laqeyd yanaşdıqlarını bildirib.
“Saytlarımız monitorinq aynasında” adlı məruzə ilə çıxış edən mərkəzin şöbə müdiri Vəfa İsmayılova aşkar edilmiş 4500 dil faktından 3564-nün hesabata daxil edildiyini (1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi) bildirib. Natiq əvvəlki monitorinqlə müqayisədə müəyyən irəliləyişlərin olmasına baxmayaraq, ədəbi dil normalarının pozulması hallarına hələ də çox rast gəlindiyini təəssüflə qeyd edib.
Müzakirələr zamanı akademik Möhsün Nağısoylu, akademik Nizami Cəfərov, professorlar Sayalı Sadıqova, Nadir Məmmədli, Qulu Məhərrəmli, dosent Fariz İmranov və digər qonaqlar saytların monitorinqə cəlb edilməsinin dilimizin saflığının qorunması, eləcə də xəbər və məlumatların doğru təqdim olunması işinə mühüm töhfə verəcəyini bildiriblər.
Sonda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunub.