Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyinin dəstəyi ilə Ostrava televiziyasının ölkəmiz haqqında hazırladığı filmin təqdimat mərasimi keçirilib.
“Azərbaycan Petr Valdanın gözü ilə” adlı qısametrajlı filmdə ölkəmizin müxtəlif guşələri, mədəniyyəti, tarixi və xalqın gündəlik həyatı təsvir edilib.
Praqada keçirilən təqdimatda çıxış edən ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov rejissor Petr Voldana, filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, mədəniyyətin xalqların tanınmasında rolundan danışıb. Son illərdə səfirliyin dəstəyi ilə Azərbaycan yazıçılarının əsərlərindən ibarət 3 kitabın çex dilində nəşr edildiyini diqqətə çatdıran diplomat bu istiqamətdə film layihələrinin də davam edəcəyini deyib.
Petr Voldan və filmin yaradıcı heyəti Azərbaycan haqqında təəssüratlarını bölüşüb. Sonda filmə baxış keçirilib.
Təqdimatda diplomatik korpusun üzvləri, yerli ictimaiyyətin nümayəndələri, həmvətənlərimiz iştirak ediblər.