5 dekabr dahi şair-dramaturq, mütəfəkkir Hüseyn Cavidin (1882 – 1941) vəfatının 82-ci ildönümüdür.
Bu münasibətlə Hüseyn Cavidin Ev-Muzeyində böyük şairin xatirəsi yad olunub. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ədibin keşməkeşli həyat yolundan və zəngin yaradıcılığından danışıb.
Qeyd olunub ki, Cavidin ömrünə qəsd edənlərin tarixdə izi qalmayıb. Amma onun yaradıcılığı dünya xalqlarının dillərinə tərcümə olunur. Cavidi indi dünya oxuyur, tanıyır.
Tədbirdə çıxış edən muzeyin əməkdaşları və qonaqlar Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən şairin əsərlərinin nəşri, tədqiqi və təbliği sahəsində görülən işlərdən danışıblar.
Qeyd edək ki, 30-cu illərin kabus repressiya dalğası azadlıq və sevgi nəğməkarı Hüseyn Cavidi də qərq edib. Şair 1941-ci ilin 5 dekabr tarixində sürgün olunduğu Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunda 59 yaşında vəfat edib. Ulu öndər Heydər Əliyevin səyləri ilə ədibin məzarı tapılaraq cənazəsi gətirilib doğulduğu Naxçıvan şəhərində dəfn edilib. Məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb.