Dekabrın 5-də Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” adlı sərgi açılıb.
“Heydər Əliyev İli” çərçivəsində təşkil edilən sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib. Sərginin layihə rəhbəri Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovadır.
Tədbirə “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları da qatılıblar.
Açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcması Qadınlar şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycanda xalça sənətindən danışıb. Bildirib ki, soydaşlarımızın doğma yurdlarından deportasiya olunması ilə bu bölgənin xalçaçılığına da böyük zərbə vurulub. Uzun illər mənimsənilən Azərbaycan xalçaları erməni xalçaları kimi təqdim edilib. Bütün maneələrə baxmayaraq, Qərbi azərbaycanlılar hər zaman ata-babalarından miras qalmış sənəti qoruyub saxlayıblar.
Qeyd edək ki, sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid rayon və kəndlərdə müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunur. Bunlar doğma yurdlarından deportasiya edilmiş soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalarıdır.
Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça – şəddə və məişətdə geniş istifadə edilən xalça məmulatı – xurcun nümunələri də yer alıb.
Nümayiş olunan xalçalarla bağlı Azərbaycan və ingilis dillərində kataloq da çap olunub.
Sərgi yanvarın 5-dək davam edəcək.