AMEA-nın Folklor İnstitutu Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” monoqrafiyası çapdan çıxıb.

Dekabrın 5-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri professor Seyfəddin Rzasoy tədbiri açaraq elmi redaktoru olduğu kitab haqqında məlumat verib. Qeyd edib ki, müasir Azərbaycan filoloji-humanitar fikrinin, nizamişünaslığın görkəmli nümayəndəsi, çoxsaylı kitabların, problematik və aktual elmi paradiqmaların müəllifi olan Ramazan Qafarlı folklorumuzun tədqiqi sahəsinə öz töhfəsini verib. O, mifologiyaya, “Kitabi-Dədə Qorqud” eposuna, uşaq folkloruna, epik folklorda janrlararası əlaqələrə dair sanballı əsərlərin müəllifi olmaqla yanaşı, Nizami Gəncəvi yaradıcılığının da tədqiqatçısı kimi tanınır. Monoqrafiya müəllifin, sadəcə, növbəti əsərlərindən biri olmayıb, onun bütün yaradıcı ömrünün mahiyyətini, intellektual əyarını, Azərbaycan filoloji fikir məkanında məhz ona məxsus olan düşüncə paradiqmasının ədəbi-estetik, poetik-idraki özünəməxsusluqlarını əks etdirən “tale” kitabıdır. Kitabda müəllif Nizami poeziyasında türkçülük ideologiyası məsələsini ön plana çəkir, türklük, türk milli kimliyi onun Nizamiyə yanaşmasında daim mövcud olan təhlil aspektləridir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru filologiya elmləri doktoru Təyyar Salamoğlu “Ramazan Qafarlı və Bəxtiyar Vahabzadə yaradıcılığı” mövzusunda məruzə edib.

Folklor İnstitutu Mərasim folkloru şöbəsinin aparıcı elmi işçisi dosent Qalib Sayılov “Nizamişünaslıqda trafaretlərdən və taftaloji stereotiplərdən kənar yeni sərgi” mövzusunda məruzəsində bildirib ki, Ramazan Qafarlı indiyə kimi heç kimin toxunmadığı maraqlı mətləblərə toxunaraq nizamişünaslığı dünyanın yüksək elmi doktrinlərinə təqdim edir, şairi idrak edərək əsərlərini taftaloji deyil, elmi və fəhmi ilə aydınlatmağa nail olur.

Tədbirdə Odlar Yurdu Universitetinin professoru Rüstəm Kamal, Folklor İnstitutu Mifologiya şöbəsinin aparıcı elmi işçisi dosent Elçin Qaliboğlu, AMEA Rəyasət Heyətinin elmi katibləri, dosentlər Səfa Qarayev, Hikmət Quliyev, ADPU-nun Elmi Tədqiqat Mərkəzinin elmi işçisi Əməkdar müəllim Zülfiyyə Vəliyeva və Folklor İnstitutu Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin də çıxışları dinlənilib.

Sonda çıxış edən müəllif kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən məruzəçilərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.