YARAT-da gürcü rəssamların sərgisi

 

YARAT Müasir İncəsənət Mərkəzində gürcü rəssamların “Ekinoks” adlı qrup sərgisi təşkil edilib.

YARAT-dan bildirilib ki, dekabrın 7-də açılışı olan sərgidə Qia Edzqveradze, Tamara K.E., Luka Lazar, Konstantin Mindadze, Koka Ramişvili, Andro Semeyko və Levan Sonqulaşvilinin son illərdə çəkdikləri əsərlər yer alıb.

“Ekinoks” (lat. “aequinoctium” – “bərabər gecələr”) multidisiplinar sərgisi, insan identikliyinin dərk edilməsinin təməl prinsipini, XX əsrin sonlarından başlayaraq XXI əsrin əvvəllərinə qədər lokal və qlobal perspektivlərdə şüurun formalaşması yolunu təsvir edən yeddi gürcü rəssamı bir araya gətirir.

Sərgi layihəsi, müəyyən fərdi və kollektivi (və ya əksinə, kollektivi və fərdi) bir-birinə bağlayan qarşılıqlı fəaliyyətin mürəkkəb diskursunu, eləcə də fərdi təcrübənin kollektiv təcrübəyə, habelə dəyişən zaman kəsiklərinə təsirini ortaya qoyur. Ekspozisiya işıq və qaranlığın qarşılıqlı əlaqəsini təsvir etməklə, dualist prinsip üzərində qurulub: burada fərd və kollektiv arasında qarşılıqlı fəaliyyət kontinuumda (zaman-məkan prosesində) nəzərdən keçirilir.

Sərgidə təqdim olunan araşdırma tanınmış gürcü mütəfəkkiri Merab Mamardaşvilinin Tbilisi Dövlət Universitetində incəsənət və humanitar elmlər üzrə tələbələrinə oxuduğu (1984–1985) mühazirələr üzərində qurulub. Sərginin adı da onun “Bərabərlik nöqtəsi” mühazirəsindən götürülüb. Burada gecə və gündüzün qarşılıqlı təsirinin nümunəsi qismində şüurun ifadə tarazlığının əldə edildiyi məkanı təsvir edir.

Aprelin 27-dək davam edəcək sərginin kuratorları Tamuna Arşba və Tata Ksovrelidir.