Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dekabrın 6-da Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasını nümayiş etdirib.
Teatrın binasının əsaslı təmirə bağlanması səbəbindən Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunan tamaşa yeniliklə yadda qalıb. Teatrın gənc solisti Xəyal Hüseynov ilk dəfə Məcnun rolunda səhnəyə çıxıb.
X.Hüseynov Azərbaycan Milli Konservatoriyası tərkibində Bakı Musiqi Kollecinin məzunudur. Əməkdar artist Təyyar Bayramovun sinfində təhsil alıb. Ötən mövsümdə “Leyli və Məcnun”da Şeyx rolunda səhnəyə çıxan gənc ifaçı bir neçə aylıq gərgin məşqlərdən sonra, nəhayət, Məcnun obrazında sənət imtahanı verib. Tamaşada iştirak edən təcrübəli muğam ustaları və musiqi biliciləri Xəyalın ifasına çox yüksək qiymət verərək onun debütünün uğurla gerçəkləşdiyini bildiriblər.
Səhnə əsərində Leyli partiyasını teatrın gənc solisti Rəvanə Əmiraslanlı ifa edib. Digər rollarda Əməkdar artist Təyyar Bayramov (İbn Salam), solistlərdən Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası), Mirəli Sarızadə (Şeyx), Rəşad Həsənzadə (Nofəl), Nəzər Bəylərov çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.